İQTİSADİYYAT
“Qırğızıstan Dəmir Yolları”: Qırğızıstan Orta Dəhlizin inkişafında maraqlıdır
Bakı, 20 sentyabr, AZƏRTAC
Qırğızıstan Çin, Qazaxıstan və Özbəkistan ilə dəmir yolu şəbəkəsinə malikdir ki, bu da ona həm ticarət əlaqələrinin inkişafına, həm də tranzit imkanlarının artmasına şərait yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Qırğızıstan Dəmir Yolları”nın rəis müavini Dastan Usubakunov deyib.
O bildirib ki, Qırğızıstanın yaxın qonşuları ilə dəmir yolu əlaqəsinin mövcudluğu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindən Avropa dövlətləri ilə iqtisadi-ticarət əlaqələrin artmasına, tranzit əlaqələrinin inkişafına imkanlar yaradıb.
“Qırğızıstan dəmir yollarının ildə 9,5 milyon ton yükaşırma imkanı var. Avropa ilə ticarət əlaqələrinin Orta Dəhliz vasitəsilə həyata keçirilməsi iqtisadi baxımdan səmərəli və faydalıdır. Qırğızıstan Azərbaycan ilə dost və qardaş dövlətdir. Hər iki ölkənin dəmir yolu idarələri arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri var. Bu əlaqələrin inkişafı tərəflər üçün iqtisadi-ticari baxımından olduqca faydalıdır. Gələcəkdə yükdaşımaların həyata keçirilməsində iki dövlətin müvafiq strukturları fəal iştirak edəcəklər. Qırğızıstan Azərbaycanın təklif etdiyi marşrutları dəstəkləyir və dəmir yollarının inkişafı naminə əməkdaşlıq əlaqələrini daha da gücləndirmək istəyir”, - deyən D.Usubakunov müasir dünyada iqtisadi inkişafın əsasının yükdaşımalar olduğunu nəzərə çatdırıb.