İQTİSADİYYAT
Qırğızıstanda neft emalı zavodunun tikintisi ilə bağlı prinsipial razılıq əldə edilmişdir
Bişkek, 19 yanvar (AZƏRTAC). Qırğızıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, Qırğızıstanın dövlət başçısı Almazbek Atambayev bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Almazbek Atambayev ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyinə toxunmuşdur.
Rövnəq Abdullayev bildirmişdir ki, ötən il dekabr ayında Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Qırğızıstan prezidentləri arasında əldə olunmuş razılaşmaya uyğun olaraq nümayəndə heyəti bu ölkədə səfərdədir.
Almazbek Atambayev çox qısa bir vaxtdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ARDNŞ-in nümayəndə heyətinin Qırğızıstana səfərini yüksək qiymətləndirmiş, Azərbaycanın dövlət başçısına minnətdarlıq etmişdir.
Danışıqlar zamanı Qırğızıstanda istehsal gücü ildə 2 milyon ton olacaq neft emalı zavodunun tikintisi ilə bağlı prinsipial razılıq əldə edilmişdir. Zavod 2013-cü ilin sonunda istifadəyə veriləcəkdir.
Görüşdə Azərbaycanın xam neft və neft məhsullarının Qırğızıstana satışı, Azərbaycan mütəxəssislərinin iştirakı ilə Qırğızıstanda geoloji-kəşfiyyat işlərinin aparılması və digər layihələrə sərmayə qoyuluşu məsələləri müzakirə olunmuşdur.
R.Abdullayev qeyd etmişdir ki, Qırğızıstanda neft emalı zavodunun tikintisi, həmçinin ARDNŞ-in bu ölkədə fəaliyyətə başlaması ilə əlaqədar olaraq bu yaxınlarda Azərbaycandan Qırğızıstana mütəxəssislərdən ibarət xüsusi qrup gələcəkdir. R.Abdullayev qeyd etmişdir ki, bu istiqamətdə fəaliyyət Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi nəzarətindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek