“QİYMƏTLƏNDİRMƏ – GƏLƏCƏYİ FİKİRLƏŞİN” MÖVZUSUNDA SEMİNAR
AZƏRTAC xəbər verir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “Qiymətləndirmə - gələcəyi fikirləşin” mövzusunda seminar keçirmişdir. Seminarda komitənin əməkdaşları ilə yanaşı, yerli və xarici iş adamları, sahibkarlar, bank və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirin məqsədi republikada fəaliyyət göstərən iri şirkətlərin və səhmdar cəmiyyətlərinin menecerləri ilə qiymətləndirilmənin metodologiyasına dair beynəlxalq təcrübənin və beynəlxalq aləmdə tətbiq edilən qiymətləndirmə praktikasının öyrənilməsi idi.
Komitə sədrinin müavini Rüstəm Şahbazov daşınmaz əmlakın qiymətləndirilməsi metodikası və yeniliklər barədə danışmış, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyini vurğulamışdır.
“Ernst and Younq” şirkətinin mütəxəssisləri beynəlxalq təcrübədə qiymətləndirmənin məqsəd və vəzifələri, biznesin qiymətləndirilməsi, yeni bazarlarda satış və alış imkanları ilə bağlı çıxışlar etmişlər.
Seminar çərçivəsində daşımaz əmlakın gəlir aktivlərinin, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılmışdır.