ELM VƏ TƏHSİL
“Qlobal İnnovasiya İndeksi”nin insan kapitalı ilə bağlı göstəricilərinin yaxşılaşdırılması üzrə müzakirə aparılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyində keçirilən iclasda işçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğurlar və gələcək gözləntilər barədə danışıblar.
Daha sonra Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsinin sektor müdiri Şababa Əliyev Qlobal İnnovasiya İndeksinin “2.1.1.Təhsil xərcləri” indikatorunun icra vəziyyətinə dair təqdimat edib.
İclas işçi qrupunun digər üzvləri - Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, İqtisadiyyat Nazirliyinin sektor müdiri Natiq Məmmədli, Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacının “Qlobal İnnovasiya İndeksi”nin aidiyyəti alt-indeksləri üzrə təqdimatları ilə davam edib.
İclasda işçi qrupunun Fəaliyyət Planına daxil olan hər bir indikatorla bağlı görülmüş işlər, “Qlobal İnnovasiya İndeksi-2024” hesabatı üzrə Azərbaycanın göstəriciləri əvvəlki illərlə müqayisəli təhlil edilib və bu göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə hazırlanmış müvafiq təhlil materialı və digər məsələlər müzakirə olunub.
Yekunda işçi qrupunun fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” işçi qrupuna rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirir.