DÜNYA
QLOBAL İSTİLƏŞMƏ NƏTİCƏSİNDƏ NİLİN DELTASI SU ALTINDA QALA BİLƏR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, əgər sinoptiklərin və ekoloqların iqlimin qlobal istiləşməsinə dair proqnozları özünü doğrultsa, onda XXI yüzilliyin axırına yaxın Nilin Misir ərazisindəki deltası su altında qalacaq, milyonlarla adam öz ev-eşiyini həmişəlik tərk edib, cənuba, daha quraq rayonlara üz tutacaq, boşalmış taxıl anbarları ölkəni aclıq və səfalətə məhkum edəcəkdir. Aralıq dənizi ətrafını isə irimiqyaslı fəlakət gözləyir.
Dünya Bankının ekspertləri artıq indidən Nil boyunca Misirin şimalına doğru dənizə tərəf uzanan, əhalisi həddən ziyadə sıx olan rayonlar barədə danışırlar. İsgəndəriyyə Universitetinin ətraf mühit məsələləri üzrə mütəxəssisi Məhəmməd ər-Ray bununla əlaqədar demişdir: “Həddən artıq ciddi və dərhal diqqət tələb edən bir vəziyyət yaranmışdır, azacıq ləngimə ciddi itkilərlə nəticələnəcəkdir”. Onun dediyinə görə, ilk növbədə, söhbət Misir vətəndaşlarının qorunmasından gedir, çünki 80 milyonluq əhalinin üçdəbir hissəsi bu ərazidə yaşayır.
Misir alimlərinin fikrincə, Aralıq dənizinin səviyyəsi qalxarsa, kilometrlərlə qumlu çimərliklər su altında qalacaq, İsgəndəriyyənin altında tapılmamış qalan minlərlə qədim Roma xəzinəsi həmişəlik itirilmiş olacaqdır - bu isə aysberqin görünən zirvəsidir, yəni “xeyli az itkidir”. Dünya Bankının məruzəsində deyilir ki, Qrenlandiya buzlaqlarının və qərbi Antarktika buz təbəqələrinin əriyəcəyi təqdirdə dənizin səviyyəsi 5 metr qalxacaq, bu isə Misirin şimal hissəsinin bütövlükdə su altında qalması və əhalinin kütəvi aclığa məhkum olması deməkdir.
Misir hökuməti artıq İsgəndəriyyədə dəniz sularının qarşısını ala bilən bəndlərin inşası üçün 300 milyon dollar ayırmışdır. Belə tədbirlər digər sahilboyu şəhərlərdə, o cümlədən qədim Misir əlifbası və yazısına açar ola biləcək Rozett daşının tapıldığı Ər-Rəşiddə də görülməlidir. Mütəxəssislər bildirirlər ki, Misir özünü qorumağa hazırdır, lakin bu iş əsaslı kapital qoyuluşu tələb edir. Qahirənin isə belə vəsaiti yoxdur. Bu məsələdə digər ölkələrin də köməyi vacibdir.