CƏMİYYƏT
Qobustan qəsəbəsində şəhid Sadiq Əzizlinin anım mərasimi keçirilib


Bakı, 20 oktyabr, AZƏRTAC
Bu il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Əzizli Sadiq Zaur oğlunun 40 mərasimi keçirilib.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra məzarı önünə əklil və gül dəstələri qoyulub. Şəhidin ailə üzvlərinin iştirakı ilə məzarı yaxınlığında inşa edilən xatirə lövhəsinə baxış keçirilib.
Mərasimdən sonra Sadiq Əzizlinin ailə üzvlərini ziyarət məqsədi ilə ictimaiyyət nümayəndələri şəhidin boya-başa çatdığı evə gəliblər. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.