CƏMİYYƏT
Qobustanda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı məlumatlandırma tədbiri keçirilib


Bakı, 30 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra edilən “Məşğulluğa dəstək layihəsi” ilə bağlı növbəti ictimai dinləmə Qobustan rayonunda təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işaxtaran və işsiz şəxslərin iştirak etdikləri görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də müraciət və iştirak qaydalarına dair ətraflı məlumat verilib.
Bundan başqa, benefisiarlara əlavə dəstək mexanizmi kimi layihə çərçivəsində təşkil edilən “Həvəsləndirmə mükafatı” müsabiqəsinin şərtləri və digər məşğulluğa dəstək mexanizmləri barədə də məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Özünüməşğulluq proqramının genişləndirilməsi məqsədilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” həssas qruplardan (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və b.) olan işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.