ELM VƏ TƏHSİL
Qriqori Tokarev: Bakıda rus dilindən istifadə səviyyəsi kifayət qədər yüksəkdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Bakı barədə ilk təəssüratım budur ki, burada rus dilindən istifadə səviyyəsi kifayət qədər yüksəkdir. Bütün xidmət obyektlərində, küçələrdə, hər yerdə rus dilini başa düşürlər. Xüsusən belə bir fakt sevindirir ki, təkcə yaşlı nəslin nümayəndələri deyil, gənclər də rus dilində danışırlar. Hesab edirəm ki, Azərbaycanda rus dilinin səviyyəsi yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu fikri L.N.Tolstoy adına Tula Dövlət Pedaqoji Universitetinin sənədşünaslıq və rus dilinin üslubiyyəti kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qriqori Tokarev gənc rus dili müəllimlərinin, aspirantların və rusist tələbələrin “MDB-də inteqrasiya proseslərinin inkişafının əsası olan rus dilinə dəstək” mövzusunda regional forumu çərçivəsində jurnalistlərə müsahibəsində səsləndirmişdir.
Q.Tokarev tədbirdə dil və mədəniyyətin qarşılıqlı münasibətləri mövzusunda məruzə ilə çıxış edəcək, habelə dil və mədəniyyətin qarşılıqlı münasibətlərinə həsr olunmuş açıq dərs və mətnlə iş üsullarına dair ustad dərsləri keçirəcəkdir.