REGİONLAR
Qubada təşkil olunan yarmarkalara 2 min başdan çox xırdabuynuzlu çıxarılıb VİDEO
Quba, 22 avqust, Elxan Yusifli, AZƏRTAC
Qurban bayramı ilə əlaqədar Qubada təşkil olunan diri heyvanların satış yarmarkasına iki gün ərzində 2 min başdan çox xırdabuynuzlu çıxarılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən yarmarkada satışa çıxarılan heyvanların qiymətləri digər satış mərkəzləri ilə müqayisədə 20-30 faiz ucuzdur. Alıcılar diri heyvanlarla yanaşı, kiloqramı 11 manata təklif olunan kəsilmiş və doğranmış ət də ala bilərlər.
Qubada yarmarka şəhərin Heydər Əliyev prospektindəki “Ət bazarı” adlanan ərazidə və başqa iki yerdə təşkil edilib. Quba Rayon Baytarlıq İdarəsinin əmədaşları əvvəlcədən yarmarkanın keçirildiyi ərazini dezinfeksiya ediblər.
Yarmarkada diri heyvanların satışını həyata keçirən Abdul Bayramov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, yaradılan şərait həm satıcıların, həm də alıcıların ürəyincədir. “Satışa 100 baş qoyun çıxarmışam. Cəmi ikisi qalıb. Satdığımız qoyunlar sağlam və qurbanlıq üçün tələb olunan şərtlərə uyğun heyvanlardır. Alıcıların istəyinə uyğun çəkilərdə heyvanlarımız var. Yarmarkaya qurbanlıq qoyun almağa gələn heç kəsi əliboş yola salmırıq. Allah kəsilən bütün qurbanlarımızı qəbul etsin”, - deyə satıcı Abdul Bayramov bildirib.
Qubadakı yarmarkadan qurbanlıq qoyun alan Həsən Adıgözəlov da bazarlığından olduqca razı görünür. “150 manata qoyun aldım. Burada ürəyin istəyən qiymətə heyvan tapmaq olar. Qiyməti də məni qane etdi. İki gün qabaq eyni çəkidə heyvan bazarda mənə 30-40 manat baha təklif olunmuşdu. Təşkilatçılara təşəkkür edirəm. Hər bayramda bu cür yarmarkaların olmasını istəyirik”, - deyə alıcı yarmarkadan razılığını bildirib.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzin heyvandarlıq sektorunun müdiri Aydın Qədiməliyev rayonda üç yerdə yarmarka təşkil edildiyini bildirib: “Mütəxəssislər bütün heyvanları yoxlayırlar. Əgər heyvanda şübhə varsa satışdan uzaqlaşdırırıq. Görünən odur ki, alıcılar bu yarmarkadan çox razı qalıblar. Bizim də istəyimiz elə budur”.
Bayram yarmarkaları Quba ilə yanaşı, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda və Bakının 32 məntəqəsində təşkil olunub. Yarmarkalar avqustun 23-də axşam saatlarına qədər davam edəcək.