Qubada vikipediyaçılar üçün “Bahar düşərgəsi” keçiriləcək
Bakı, 2 may, AZƏRTAC
“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayonunda azərbaycandilli vikipediya könüllülərinin “Bahar düşərgəsi”nin keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyevin məlumatına görə, düşərgənin iyunun 2-3-də keçirilməsi planlaşdırılır və qeydiyyat artıq başlayıb. Düşərgə barədə Vikipediyada elan verilərək, ayrıca səhifə də yaradılıb.
Düşərgənin təşkilində əsas məqsədlər Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, zəngin multikultural dəyərlərə və qədim tarixə malik Quba rayonu və onun mədəniyyətinə dair Vikipediyada məqalələrin yaradılması, Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması, Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi, Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda, digər aparıcı dil bölmələrində ölkəmizlə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsidir.