Qubadlı məktəbliləri müxtəlif idman növləri üzrə rayon birinciliyində bacarıqlarını nümayiş etdiriblər

Sumqayıt, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Qubadlı rayon Çaytumas məktəb-liseyində Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə partiyanın yaranmasının 25 illiyinə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
YAP rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, yarışdan əvvəl rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, rayon icra hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev çıxış edərək, YAP-ın ölkəmizin həyatında oynadığı roldan danışıblar. Qeyd edilib ki, əsası 1992-ci ilin noyabrında ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi dünyanın nüfuzlu partiyalarından birinə çevrilib. 700 mindən çox üzvü olan YAP ötən 25 ildə çətin və şərəfli yol keçib.
Bildirilib ki, YAP Qubadlı rayon təşkilatının üzvlərinin sayı 3470 nəfərə çatıb.
Çıxışlarda əminliklə vurğulanıb ki, üçrəngli bayrağımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə Şuşada, Xankəndidə, Qubadlıda dalğalanacaq.
Sonra rayonun ümumtəhsil məktəblərinin komandaları müxtəlif idman növləri üzrə yarışlarda bacarıqlarını nümayiş etdiriblər.
Yekunda I yerə Çaytumas məktəb-liseyinin, II yerə Aşağı Mollu kənd tam orta məktəbinin, III yerə isə Zilanlı və Xanlıq kənd 1 nömrəli tam orta məktəblərinin komandaları çıxıblar. Qaliblərə YAP Qubadlı rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim edilib.