Qunilla Svensson: Avropada əhalinin ekstremal istidən qorunması üçün əlavə tədbirlər görmək lazımdır
Stokholm, 11 avqust, AZƏRTAC
Avropa ölkələrinin dövlət qurumları və tədqiqat institutlarının son məlumatlarına əsasən, Avropada ekstremal istilər səbəbindən ölənlərin sayı 25 mini ötüb.
İstilərlə bağlı ölüm hallarının artmasının səbəbləri, iqlim dəyişmələrinin rolu və Avropa ölkələrinin ekstremal temperaturlara hazırlığı barədə AZƏRTAC-a Stokholm Universitetinin Meteorologiya kafedrasının və Bertin Bolin adına İqlim Araşdırmaları Mərkəzinin professoru Qunilla Svensson danışıb.
— Sizcə, son illərdə Avropada isti havalarla bağlı ölüm hallarının kəskin artmasının əsas səbəbləri nələrdir?
— Atmosferdə istixana qazlarının konsentrasiyasının artması, eləcə də istiləşməni gücləndirən əks əlaqə mexanizmləri səbəbindən qlobal temperatur yüksəlir. Qlobal temperatur artdıqca istilik dalğalarının və ekstremal yüksək temperaturların başvermə riski də artır. Bu, yağıntıların xarakterinin dəyişməsi ilə də əlaqədardır. Bir qədər sadələşdirsək, onsuz da az yağıntı düşən bölgələr daha da quraqlaşır, çox yağıntı düşən ərazilərdə isə yağıntının miqdarı daha da artır.
— Sizcə, bu tendensiyada iqlim dəyişmələrinin payı nə qədərdir, əhalinin qocalması, şəhərlərin ekstremal istilərə kifayət qədər uyğunlaşmaması və digər amillərin təsiri nə dərəcədədir?
— Bu məsələ birbaşa mənim tədqiqat sahəmdən kənardır, lakin mən bunu adətən belə izah edirəm. Cəmiyyətlərimiz və şəhərlərimiz indiyədək mövcud olmuş iqlim nəzərə alınmaqla formalaşdırılıb. İndi isə iqlim dəyişir və biz yeni şəraitə uyğunlaşmalıyıq. Söhbət yalnız şəhərlərin uyğunlaşdırılmasından deyil, müxtəlif ictimai xidmətlərin fəaliyyətindən də gedir. Məsələn, qocalar evlərində görüləcək tədbirlərin qaydalarına yenidən baxmaq, eləcə də tək yaşayan yaşlı insanlara profilaktik tədbirlər görməkdə kömək etmək lazımdır.
2003-cü ildə Paris ekstremal istilik dalğası ilə üzləşdi və bunun nəticəsində çoxlu sayda yaşlı insan öldü. Hazırda şəhərdə əhaliyə dəstək göstərilməsi üçün bütöv bir sıra tədbirlər həyata keçirilir və şübhəsiz ki, onlar çoxsaylı insanların həyatını xilas etməyə imkan verir.
Lakin bu il dəfələrlə təkrarlanan və üstəlik, erkən başlayan istilik dalğaları cari mövsümdə daha ekstremal şəraitin yaranmasına səbəb olub. İqlim dəyişmələrinin təsiri olmasaydı, erkən başlayan istilik dalğası bu qədər ekstremal olmazdı.
“World Weather Attribution” təşkilatının qeyd etdiyi kimi, “2026-cı ilin yayı rekord yüksək temperaturlar və şiddətli quraqlıqla başlayıb və bu hadisələrin hər ikisi antropogen iqlim dəyişmələri nəticəsində daha da şiddətlənib”.
— Avropa ölkələrinin hazırda əhalini ekstremal istidən qorumaq üçün gördüyü tədbirlər kifayət edirmi?
— Şübhəsiz ki, şimal ölkələri də daxil olmaqla, hər yerdə əlavə tədbirlər görülməlidir. Lakin ən vacib məsələ baş verən dəyişikliklərin ilkin səbəbini aradan qaldırmaq, yəni iqlim dəyişmələrini məhdudlaşdırmaq üçün fosil yanacaqlardan istifadədən imtina etməkdir.
— Sizcə, yaxın 10–20 il ərzində Avropada isti havalarla bağlı ölüm hallarının artımı davam edəcəkmi?
— Bəli, bütün göstəricilər bunu deməyə əsas verir.
—Bu gün hansı Avropa ölkələri ekstremal istilərə ən yaxşı hazırlaşıb və digər dövlətlər onlardan nə öyrənə bilər?
— Yuxarıda qeyd etdiyim Paris nümunəsi mənə ən yaxşı məlum olan nümunədir. Bununla yanaşı, mənim başa düşdüyümə görə, bütün ölkələrdə şəhər mühitinin uyğunlaşdırılması istiqamətində fəal iş aparılır, yaşıllıqların sayı artırılır, ekstremal yağıntılar zamanı suyun idarə olunması üçün su hövzələri və suötürücü sistemlər yaradılır. Lakin bu tədbirlərin nə dərəcədə uğurla həyata keçirildiyini qiymətləndirə bilmirəm.
Şübhəsiz ki, Avropada hazırda ekstremal hesab olunan iqlim göstəricilərinin və yüksək temperaturların adi hal aldığı ölkələrin təcrübəsindən faydalanmaq mümkündür.