REGİONLAR
Qusarda 80 minə yaxın vətəndaş tibbi müayinədən keçəcək VİDEO









Qusar, 12 fevral, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən əhalinin tibbi dispanserizasiyasına Qusar rayonunun 76 min 426 nəfər sakini cəlb olunacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qusar Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Aybəniz Əfəndiyeva məlumat verib.
A.Əfəndiyeva bildirib ki, əhalinin kütləvi tibbi dispanserizasiyası çərçivəsində fevralın 12-dən Qusar rayonunda müayinələrə başlanılıb. Humanitar aksiya zamanı tibbi yoxlamadan keçənlər ehtiyac yarandıqda rentgen, laborator, ultrasəs və elektrokardioqram müayinələrinə cəlb ediləcəklər. İlk gündə 350-dən çox vətəndaş müayinədən keçib. Onlardan bir nəfəri stasionar qaydada müalicəyə cəlb olunub.
Qusarda əhalinin kütləvi tibbi müayinələrinin ilk günündə müraciət edənlər arasında xroniki bronxit, hipertoniya, böyrək çatışmazlığı və mədə-bağırsaq xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib.
Şöbə müdiri qeyd edib ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Aksiyanın mütəşəkkil keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülüb, lazımi şərait yaradılıb. Həmçinin xüsusi tədbirlər planı hazırlanaraq, qrafik tərtib edilib.
Tibbi müayinədən keçən İkram Qasımov və İmran Abdullayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətlərində humanitar aksiyadan razı qaldıqlarını bildirərək, əhalinin tibbi müayinələrə cəlb edilməsini vətəndaşların dövlət qayğısı ilə əhatə olunmasının əyani nümunəsi kimi dəyərləndiriblər.
Mayın 12-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.