REGİONLAR
Qusarda dərəyə aşan mikroavtobusda xəsarət alanların adları müəyyənləşib - YENİLƏNİB VİDEO

Qusar, 11 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusarın Avaran kəndi ərazisində dərəyə aşan mikroavtobusda yaralanan sərnişinlərin adları müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusardan Xürel kəndinə gedən sərnişin avtobusunda qəza zamanı 15 nəfər olub. Onlardan 6 nəfər - Mikayılova Liana Nəriman qızı, Bədəlova Lamunat Misənnif qızı, Şıxzadayeva Milyanə Vəzirxan qızı, Əmiraslanov Ruslan Əmiraslan oğlu, Beydiyeva Aksana Mövlud qızı və Cavadova Aysel Mayis qızı xəsarət alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəzaya uğrayan 38 BC 630 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü Qusarın Xürel kənd sakini Natiq İlyasovdur. Sürücü bildirib ki, qatı duman səbəbindən sərt döngədə idarəetməni itirib.
Faktla bağlı araşdırma aparılır.
16:09
Qusarda sərnişin daşıyan mikroavtobus aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusardan Xürel kəndinə gedən marşrut üzrə hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.