REGİONLAR
Qusarda məktəblilər narkomaniya və erkən nikahın fəsadları barədə maarifləndiriliblər



Qusar, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Əvəcuq kənd tam orta məktəbinin şagirdləri “Gəncliyimizi narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Hidayət Babayev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdlər məlumatlandırılıb, onlara sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmaq tövsiyə olunub.
H.Babayev gənclərə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.
RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikah və onun fəsadlarından danışıb, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb.
Polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.
Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.