Qusarda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib
Qusar, 6 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və “Servye Azərbaycan” MMC-nin dəstəyi ilə şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında keçirilən tibbi müayinə aksiyaları davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti aksiya oktyabrın 4-5-də Qusar rayonunda gerçəkləşib. Aksiya çərçivəsində YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov və İnstitutun aparıcı kardioloqları, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla yad ediblər.
Qusar Rayon Mərkəzi Xəstəxanasında keçirilən və iki gün davam edən aksiya zamanı şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün rəngli-dopler exokardioqrafiya, ultrasəs müayinələri, kardioloji, endokrinoloji, nevroloji və qarın boşluğu üzrə tibbi baxışlar aparılıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bu qəbildən olan aksiyalar bundan əvvəl Saatlı, Sabirabad, Kürdəmir, Quba, İsmayıllı rayonlarında, eləcə də Lənkəran və Gəncə şəhərlərində təşkil olunub.