REGİONLAR
QUŞÇULUQ MƏHSULLARININ SATIŞ-YARMARKALARI BAHALAŞMANIN QARŞISINI ALIR
AZƏRTAC xəbər verir ki, iyunun 29-da Bakı şəhərinin “Təzə bazar”, 3-cü mikrorayon və Sabunçu bazarlarında quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Yarmarkalarda alıcılara keyfiyyətli və bazar qiymətlərindən ucuz toyuq əti və yumurta təklif olunmuşdur. “Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada paytaxt sakinləri qiymətlərdən razılıq edir, təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar.
Neftçala rayonu Qaraqaşlı kəndi “Şəfa” broyler fabrikinin işçisi Manaf Möhbalıyev toyuq ətinin kiloqramını müvafiq olaraq 2 manat 40, 2 manat 60 qəpiyə, içalatı 2 manata, Mərdəkan broyler fabrikindən Savalan Zakir toyuq ətini 2 manat 50 qəpiyə, Goradil fabrikindən Elvin İgidov yumurtanın bir ədədiini 9-10 qəpiyə satırdılar.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat vermişdir ki, cümə günü şəhərin yarmarkalarında satışa 20 ton toyuq əti və 500 min ədədə yaxın yumurta çıxarılmışdır.
Satış-yarmarkalar şənbə və bazar günləri də davam edəcəkdir.