İQTİSADİYYAT
Rabitə üzrə Azərbaycan-İordaniya işçi qruplarının birinci iclası keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 16-da rabitə üzrə Azərbaycan-İordaniya işçi qruplarının birinci iclası keçirilmişdir.
Ölkəmizin İordaniya Haşimilər Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya texnologiyaları naziri Bassim Al Rossan da iştirak etmişdir. O, Azərbaycan ilə rabitə sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdıraraq, bu münasibətlərin dərinləşməsi üçün hər cür kömək göstərəcəyini əmin etmişdir.
Görüşdə iştirak edən səfir E.Araslı iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edərək, bu sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün işçi qruplarının iclasının mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
İşçi qruplarının Azərbaycan tərəfdən sədri, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin direktoru Sevda Abdullayeva nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə Bassim Al Rossana təşəkkürünü bildirmiş və nazir Əli Abbasovun salamlarını qarşı tərəfə çatdırmışdır.
Elə həmin gün işçi qruplarının birinci iclası işə başlamış və rabitə sahəsində əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılmışdır. Hər iki tərəf nazirliklər arasında təcrübə mübadiləsi, yüksək texnologiyalar sahəsində və poçt sahəsində əməkdaşlıq, statistik məlumatların mübadiləsi, rəqəmsal yayım üzrə texniki əməkdaşlıq, İKT sahəsində iki ölkənin iş adamlarından ibarət biznes forumun keçirilməsi, 2012-ci ilin oktyabrında Əmmanda keçiriləcək İKT Forumunda və noyabr ayında Bakıda açılacaq “Bakutel-2012” sərgi və konfransında qarşılıqlı olaraq yüksək nümayəndə heyətlərinin iştirakına dair razılığa gəlmişlər.