Radiasiya Problemləri İnstitutunda radioaktiv mənbələrin Azərbaycana idxalı barədə müzakirələr aparılıb
Bakı, 1 may, AZƏRTAC
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Departamentinin Azərbaycan üzrə meneceri Katya Dufre Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) olub.
RPİ-dən AZƏRTAC-a bildirilib ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovla görüşdə radioaktiv Co-60 mənbələrinin Azərbaycana idxalı, onların Co-60 mənbəyinə yüklənməsi və çıxarılmış köhnə mənbələrin “İzotop” xüsusi kombinatına təhvil verilməsi kimi məsələlər müzakirə olunub.
Qeyd edilib ki, institutun izotop mənşəli şüa mənbələri elmi-təcrübi şöbəsində 1969-cu ildən istifadə edilən Co-60 mənbəyinin AEBA-nın "Texniki əməkdaşlıq" proqramı çərçivəsində yüklənməsi həyata keçiriləcək.
Azərbaycan Respublikası ilə AEBA arasında bağlanmış “Azərbaycanda radiasiya texnologiyalarının inkişafı və genişləndirilməsi” adlı milli layihə çərçivəsində 7 kCi aktivliyində radioaktiv Co-60 mənbələrinin RPİ-nin izotop mənşəli şüa mənbələri elmi-təcrübi şöbəsində istifadəsi üçün ölkəmizə idxalı planlaşdırılır.