ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun iclasında Kəlbəcərdə aparılmış monitorinqlə bağlı məsələyə baxılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə əvvəlcə institut üzrə illik hesabatlara hazırlıq, əmək intizamı haqqında və işğaldan azad edilmiş ərazilərimizdə, Kəlbəcər zonasında aparılmış monitorinq barədə məsələlərə baxılıb.
Sonra Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın 2.2 və 2.3-cü bəndlərinə uyğun olaraq 2023-cü il üçün Nazirlər Kabinetinin iş planına dair təkliflərin hazırlanması, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar AMEA-nın vəzifələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrası haqqındakı məsələlər müzakirə edilib.
İclasda Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi, böyük elmi işçi vəzifəsinə elan olunmuş müsabiqə iştirakçıları, institutda 2022-ci il üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri, eləcə də cari ildə keçiriləcək “Radiasiya texnologiyaları və radiasiya təhlükəsizliyi” mövzusunda konfrans haqqındakı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İnstitutun Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının əməkdaşı fizika üzrə fəlsəfə doktoru Rəxşanə Məmişovanın hazırladığı “Darzolaqlı yarımkeçiricilərdə radiasiya effektləri” adlı monoqrafiyanın nəşrinə icazə verilməsi, institut əməkdaşlarının cari ildə keçirilmiş attestasiyasının son nəticələri və digər cari məsələlərə baxılıb.