İDMAN
Ramil Ziyadov Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş velotura başlamışdır
Bakı, 17 oktyabr (AZƏRTAC). Ramil Ziyadovun noyabrın 9-da qeyd edilən Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş veloturu oktyabrın 17-də Bərdədə start götürmüşdür.
Ramil Ziyadov demişdir: “Bu dəfə mən Yevlax, Şəki, Qax və Zaqataladan, həmçinin 3000 metr yüksəklikdə dağlıq ərazidən keçərək, Bərdədən Gürcüstan sərhədinədək 300 kilometr məsafəyə kiçik velotura çıxacağam. Bu yürüşü Azərbaycan Dövlət Bayrağı Gününə həsr edirəm”.
Xatırladırıq ki, bu yaxınlarda Ramil Ziyadov dünyanın beş ölkəsinə velosiped yürüşünə çıxmış, Azərbaycan bayrağı ilə Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çindən keçmişdir. O, velosipedlə təqribən 15 min kilometr məsafə qət etmiş ilk Azərbaycan velosipedçisidir. Veloyürüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” devizi altında keçirilmişdir.