SİYASƏT
Ramin Məmmədov: Azərbaycan dünya birliyinin məsuliyyətli üzvü kimi qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır
Bakı, 5 noyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin adı xalqı üçün misilsiz xidmətlər göstərmiş dövlət xadimlərindən biri olmaqla yanaşı, həm də ekoloji məsələlərə həssaslıqla yanaşan müdrik insan kimi tarixin yaddaşına yazılıb. COP29-un Bakıda keçirilməsi bu dahi şəxsiyyətin ideyalarının Azərbaycanda yaşadıldığına parlaq sübutlardan biridir. Bizim ölkəmiz dünya birliyinin məsuliyyətli üzvü kimi qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dünya dini liderlərinin qlobal Bakı Sammitində söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası beynəlxalq münasibətlər sistemində ləyaqət və məsuliyyətin bərabərliyi prinsiplərinə əsaslanır.
Azərbaycan tərəfdaşları ilə əlaqələri qarşılıqlı hörmət əsasında qurur, müstəqil dövlət kimi suveren hüquqlarına ehtiram göstərilməsini gözləyir. Eyni zamanda, ümumbəşəri problemlərin həllində imkanlarını səfərbər etməyə hazır olduğunu nümayiş etdirir.
"Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə Kioto Protokolunu, 2016-cı ildə Paris Sazişini, 2024-cü ildə “Qlobal Metan Vədi”ni ratifikasiya etməklə iqlim dəyişikliyinin mənfi təsirlərinin yumşaldılması istiqamətində beynəlxalq səylərə qoşulub.
Qlobal xarakterli məsələlərə dair bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmişik. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Mədəniyyətlərarası Dialoq Forumları, Bakı Beynəlxalq Humanitar Forumları, dini liderlərin zirvə toplantıları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi mühüm tədbirlər keçirilib.
Bu faktlar Azərbaycanın beynəlxalq öhdəliklərinə nə qədər məsuliyyətlə yanaşdığımızın göstəricisidir",- deyə R. Məmmədov vurğulayıb.