CƏMİYYƏT
Regionlarda insan alveri ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 26 may (AZƏRTAC). Quba peşə liseyində “İnsan alverinin mahiyyəti, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirilmişdir.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin (İAQMİ) Quba QHT Forumunun Resurs Mərkəzi ilə birgə təşkil etdiyi tədbirin məqsədi əhali arasında insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işi aparmaqdır.
İAQMİ–dən AZƏRTAC-a bildirmişlər ki, seminarda Quba, Siyəzən və Şabran rayonlarının icra hakimiyyətlərinin, bələdiyyələrin, ərazi polis orqanlarının, tibb, təhsil, məşğulluq mərkəzlərinin, nəqliyyat, gənclər və idman təşkilatlarının nümayəndələri, yerli sahibkarlar, Quba peşə liseyinin və (xüsusi) peşə məktəbinin müəllim və tələbələri, QHT-lər və KİV nümayəndələri iştirak etmişlər.
Seminar iştirakçılarına insan alverinin formaları, cəlbetmə üsulları, insan alveri ilə mübarizədə hüquq mühafizə orqanlarının və QHT-lərin rolu barədə məlumat verilmiş, insan alveri ilə bağlı film nümayiş etdirilmiş və maarifləndirici bukletlər paylanmışdır.