ELM VƏ TƏHSİL
Rektor: ADAU-EGE beynəlxalq ikili diplom proqramı ölkəmizdə bu sahədə aparılan ən uğurlu layihələrdən biridir
Gəncə, 20 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı ölkəmizdə bu sahədə aparılan ən uğurlu layihələrdən biridir. Bu proqram təkcə gələcəyin kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində deyil, həm də professor-müəllim heyətinin elmi-tədqiqat işlərinə və beynəlxalq layihələrə cəlb olunmasına, həmçinin beynəlxalq indeksli jurnallarda məqalə çapına geniş imkanlar yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri ikili diplom proqramı çərçivəsində Ege Universitetindən Azərbaycan Dövlət Aqrar Universitetinə dərs tədris etmək üçün gələn bir qrup professor-müəllim heyəti ilə görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov deyib.
Rektor bildirib ki, gələcəkdə ikili diplom proqramının daha da inkişaf etdirilməsi və fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı işlərə start verilib.
Sonra görüşdə professor-müəllim heyətinə tədrisin keyfiyyətinin artırılması, birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı söhbət aparılıb.
Türk müəllimlər proqramın gələcək məzunlarından gözləntilərinin böyük olduğunu diqqətə çatdırıblar.