Rektor: Dörd elmi müəssisənin GDU-nun tabeliyinə verilməsi elmi nailiyyətlərin yüksəlməsinə xidmət edəcək

Gəncə, 15 aprel, Elcan Məmmədov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmiz təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən birinə çevrilib. Digər sahələrlə yanaşı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahələrində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə ziyalı təbəqəsinin nüfuzunun artırılması istiqamətində çox mühüm qərarlar verilib. Son illər dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gəncə Dövlət Universitetinin rektoru Yusib Yusibov Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması haqqında Prezidentin 4 aprel 2025-ci il tarixli Sərəncamı haqqında danışarkən deyib.
O bildirib ki, qeyd olunan Sərəncamla 4 elmi müəssisənin Gəncə Dövlət Universitetinin tabeliyinə verilməsi elmin inkişaf strategiyasına və milli prioritetlərinə, eləcə də elmi nailiyyətlərin yüksəlməsinə xidmət edəcək.
“Prezidentimizin Sərəncamı ilə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutunun, eləcə də Nəbatat Bağının ali təhsil ocağının tabeliyinə verilməsi GDU-nun elmi əlaqələrini daha da gücləndirəcək və Azərbaycan elminin inkişafına önəmli töhfələrini verəcək. Ölkəmizdə təhsil və elm sahəsində yaradılan imkanlardan bəhrələnərək Gəncə Dövlət Universitetində son illərdə infrastrukturun müasirləşdirilməsi, ali məktəbin maddi-texniki bazasının zənginləşdirilməsi, tədrisin keyfiyyətinin daha da artırılması və elmi araşdırmaların beynəlxalq rəqabətliliyinin yüksəldilməsi istiqamətində səmərəli işlər həyata keçirilir. Böyük elmi nailiyyətləri olan bu universitet doğma Azərbaycanımız, eləcə də dünya elminin inkişafı üçün yüksəkixtisaslı kadrlar yetişdirir. Dövlət başçısı İlham Əliyevin böyük etimadı qarşıya yeni və məsuliyyətli vəzifələr qoyur. Mühüm tarixi əhəmiyyətə malik Sərəncamın imzalanması bütün kollektiv tərəfindən böyük ruh yüksəkliyi, qürur və minnətdarlıq hissi ilə qarşılanıb, onları yeni elmi nailiyyətlər əldə etməyə ruhlandırıb,” - deyə rektor qeyd edib.