ELM VƏ TƏHSİL
Rektor dövlət tərəfindən ali məktəblərə ödənilən təhsil haqqı ilə bağlı təklif irəli sürüb
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov dövlət sifarişi ilə oxuyan tələbələr üçün dövlət tərəfindən ali məktəblərə ödənilən təhsil haqqı ilə bağlı maraqlı təkliflərlə çıxış edib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Rektor bildirib: “Ali təhsildə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi çox böyük müsbət yenilikdir. Bu yanaşmanın tətbiqi mexanizminin təkmilləşdirilməsini təklif edirik. Bu gün tətbiq edilən yanaşma universitetlər arasında sanki aşağı ballı tələbələr uğrunda mübarizəni gücləndirir. Belə ki, yüksək ballı, eləcə də dövlət sifarişli tələbələrin sayının artması universitet büdcəsini artırmaq əvəzinə azaldır. Çünki dövlət sifarişli tələbəyə dövlət tərəfindən ödənilən təhsil haqqı daha azdır. Amma bu, əksinə olmalıdır. UNEC bu gün belə bir vəziyyətlə üz-üzədir. Belə ki, son illər ərzində UNEC-ə qəbul olan dövlət sifarişli tələbələrin payı 30 faizindən demək olar ki, 80 faizə qədər artıb və nəticədə universitet büdcəsi azalıb. Başqa sözlə, keyfiyyət artdıqca, universitetin büdcəsi azalır. Bu yanaşmaya aşağıdakı dəyişikliyi təklif edirik:
1. Dövlət sifarişli təhsilə görə bu gün tətbiq edilən təhsil haqqının diferensiallaşdırılması. Başqa sözlə, müəyyən aralıqda bal toplamış dövlət sifarişli tələbələrə fərqli təhsil haqqı müəyyən edilsin. Daha yüksək bal toplayanlara (məsələn, 650-700 bal) daha çox, daha az bal toplayanlara (məsələn, 350-400 bal) daha az ödəniş edilsin.
2. Dövlət sifarişli tələbələrin təhsil haqqının artırılması.
3. Yuxarıda göstərilmiş hər iki variant, yəni dövlət sifarişli tələbələrin təhsil haqqını diferensiallaşdırmaqla artırmaq”.
Rektor UNEC-ə bu il qəbul olmuş bütün tələbələrin 78 faizinin (2918 tələbə) dövlət sifarişli, 22 faizinin (830 tələbə) isə ödənişli əsaslarla olduğunu da qeyd edib.