Rektor: İşəgötürənlərin öz tələblərini konkretləşdirməyə ehtiyac var
Bakı, 25 yanvar, AZƏRTAC
Müasir əmək bazarında prinsiplər sürətlə dəyişir və yeni yanaşmalar meydana çıxır. IV sənaye inqilabında unifikasiya edilmiş kütləvi tələb fərdiləşmiş tələblə əvəz olunub və bunu reallığa çevirən çevik texnologiyaların tətbiqi “creativ” və innovativ mütəxəssislərə olan ehtiyacı artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun sözlərinə görə, postsənaye cəmiyyətində karyera anlayışı da ənənəvi mahiyyətini dəyişməkdədir. Belə ki, karyera anlayışı hazırda işçinin konkret bir şirkətə ömürboyu xidmət etməsi deyil, həmin işçinin peşəkarlıq keyfiyyətinin yüksəldilməsini əks etdirir.
Rektor qeyd edib ki, UNEC öz məzunlarına görə məsuliyyəti öz üzərində saxlayır. İş dünyasına təqdim edilən “UNEC2B” platforması çərçivəsində işəgötürənlər məzunları işə götürdüyü halda universitet üç il ərzində “servis xidməti”ni təklif edir. Həmçinin iş müsahibəsi zamanı yuxarı kurs tələbələrinin zəif cəhətləri aşkar olunarsa, məzun olana qədər həmin zəifliyin aradan qaldırılmasını da UNEC öz üzərinə götürür. Bundan başqa, job.unec.edu.az portalı yaradılıb və bu virtual əmək birjası tələbələrlə işəgötürənlər arasında effektiv kommunikasiya rolunu oynayır.
UNEC-in rektoru əmək bazarının tələblərinə çevik və adekvat cavab vermək üçün distant təhsilin aktuallığını xüsusilə vurğulayıb. UNEC-də yaradılan ən müasir distant təhsil infrastrukturu işəgötürənlərin hər hansı təlim ehtiyacını qarşılamağa tam qadirdir. Belə ki, işçilər öz iş yerlərindən ayrılmadan UNEC-də distant təlimlərə qoşula və nüfuzlu mütəxəssislərin cəlb olunduğu dərslərdə iştirak edə bilərlər.