İQTİSADİYYAT
“Renault” avtomobillərinin yeni modelləri Azərbaycan yollarında sınaqdan keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yeni “Renault Fluence” və “Renault Megane” avtomobilləri Azərbaycan yollarında sınaqdan (test-drayv) keçirilmişdir.
“Renault”un Azərbaycanda rəsmi distribüteri “Nurgün Motors” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, test-drayv Azərbaycanın tarixi məkanlarından olan Qobustan qoruğunda həyata keçirilmişdir. Sınaqdan çıxarılan “Renault Megane” alıcılara iki növ komplektasiyada - 1,6 l benzin mühərrikli, dördpilləli avtomatik ötürücü qutu və 2 l benzin mühərrikli avtomatik ötürücü qutu ilə (variator) təklif olunur. Yeni “Megane”nin buraxılışı C seqmentində “Renault” model sırasının yenilənməsinin başlanğıcıdır. Yeni “Megane” mükəmməl hərəkət keyfiyyəti, yüksək səviyyəli komfort və müasir təchizatı ilə seçilir. “Renault Fluence” isə 1,6 l (avtomatik ötürücü qutu) və 2 l (variator) benzin mühərrikləri ilə təklif olunur.
Qeyd edək ki, “Nurgün Motors” “Renault” avtomobillərini əldə etmək üçün 15 faiz ilkin ödəniş, 16 faiz bank faizi olmaqla, sərfəli kredit şərtləri təklif edir. Avtomobillərə 3 il və ya 100 min kilometr zəmanət verilir.