Rənglərin dili ilə danışan autizmli bir uşaq bəzən min sözlə deyilməyən hissləri çatdıra bilər - MÜSAHİBƏ










Bakı, 14 aprel, AZƏRTAC
Cəmiyyətin inkişafı fərqlilikləri qəbul etmək və onları dəyərə çevirməklə başlayır. Hər bir uşaq özündə bir potensial daşıyır. Yetər ki, o potensialı görən, onu hiss edən və inkişaf etdirən insanlar olsun. AZƏRTAC-ın bu dəfə təqdim etdiyi bir ilhamverici hekayə rəssamlıqda, səhnədə və fərdi inkişaf sahəsində böyük uğurlar qazanan autizmli bir uşağın – Abdurrahman Səlimlinin həyat yolundan bəhs edir. Bu, yalnız bir uşağın deyil, sevgi, səbir və inamla onu dəstəkləyən ailəsinin, müəllimlərinin və Abdurrahmanı anlayan cəmiyyətin uğur tarixçəsidir. Abdurrahmanın hekayəsini elə onu ən yaxından tanıyanların dili ilə dinləyək.
Müəllimin gözü ilə: “Əgər bir işi başlayırsa, onu həmin gün tamamlamalıdır…”
-Nərmin xanım, deyə bilərsinizmi, bu illər necə keçdi?
-Mən, rəssam Nərmin Abdullayeva, 20 ildən artıqdır ki, uşaqlarla işləyirəm. Üç nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzində Təsviri Sənət və Dizayn dərnəyinin rəhbəriyəm. Abdurrahmanın müəllimiyəm və artıq dörd ildir birlikdəyik. O, ilk dəfə dərsimə gələndə əlində karandaş tuturdu, amma daim eyni obyektləri əsasən qlobusları çəkirdi. Maraqlıdır ki, o qlobusları böyükdən kiçiyə, sanki matrioşka kimi düzürdü. Çərçivəni də özü çəkirdi və bu çərçivədən çıxmaq onun üçün çətin idi. Amma biz birlikdə bu çətinliyi də aşdıq.
– İlk vaxtlar onunla işləmək necə idi?
-Başlanğıcda çətin idi, çünki o dərs zamanı səs salır, prosesi pozurdu. Amma rəssamlıq sakitləşdirici bir gücə malikdir və zamanla Abdurrahman sakitləşməyə başladı. O, bu sahədə elə bir inkişaf nümayiş etdirdi ki, artıq beynəlxalq sərgilərdə iştirak edir, diplomlar qazanır. Ən gözəli isə odur ki, artıq bizlə birlikdə mövzu seçir, rəngləri özü təyin edir. Bu, onun fərdi inkişafı baxımından psixoloqlar tərəfindən “fenomenal” kimi qiymətləndirilir.
– Sizcə, onun bu uğurunun sirri nədədir?
– Ən önəmli amil sevgidir. Abdurrahman çox hissiyyatlıdır və ətrafındakı insanların münasibətini dərhal duyur. Ona görə də biz dərsdə bütün uşaqlara eyni yanaşırıq. Bu, onun özünü rahat hiss etməsinə və daha yaxşı işləməsinə imkan yaradır.
Valideynlərin gözü ilə: “Bizim üçün fərqli olsa da, o, bir uşaqdır və uğur qazana bilər”
– Seymur bəy, övladınız haqqında nə deyə bilərsiniz?
– Mən Seymur Səlimli, Abdurrahmanın atasıyam. Onun autizm spektrinə daxil olduğu barədə ilk siqnalı iki yaşı tamam olanda aldıq. Bu, bizim üçün gözlənilməz idi, lakin təslim olmadıq. Müxtəlif bərpa mərkəzlərinə müraciət etdik, psixoloqlarla çalışdıq. Mən onun koordinasiya bacarığını ilk olaraq çiynimdə gəzdirərkən fərq etdim – ağacların budaqlarından qaçırdı, bədəni məkanı çox yaxşı hiss edirdi.
– Onun rəssamlıq qabiliyyəti nə vaxt özünü göstərdi?
– Əlinə qələm-kağız keçən kimi maraq göstərməyə başladı. Plastilindən mismar düzəldib divara yapışdırırdı. Bu, onun təxəyyülünün və bacarığının göstəricisi idi. Müəlliməsi bu istedadı dərhal hiss etdi və doğru istiqamətə yönləndirdi. Bu gün onun əsərləri Yaponiyadan Londona qədər sərgilənir. Beynəlxalq müsabiqədə doqquz yaş qrupu üzrə ikinci yer tutub. “Təbiət bizim sərvətimizdir” mövzusunda keçirilən VII Beynəlxalq Onlayn Rəsm Müsabiqəsində də ikinci yerə layiq görülməsi bunun bariz sübutudur.
– Abdurrahmanın maraq dairəsi yalnız rəssamlıqla məhdudlaşmır, elə deyilmi?
– Tamamilə doğrudur. Artıq beş ildir ki, “Çiçəyim” uşaq teatrında çıxış edir, səhnədən çəkinmir. Bir neçə dəfə fərdi sərgisi də olub. Paralel olaraq rəqs və idmanla da məşğuldur. Hətta bir gözəllik müsabiqəsində belə mükafat alıb.
Bizi anlayan insanlara sonsuz təşəkkür edirik!
– Nailə xanım, siz nə əlavə etmək istərdiniz?
– Abdurrahman fərqlidir, amma biz onun bu fərqliliyindəki üstünlükləri tapmağa çalışırıq. Bu yolda bizə dəstək olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə xanıma, “Çiçəyim” uşaq teatrının rejissoru və rəhbəri Rəna xanıma və müəlliməsi Nərmin xanıma minnətdarıq. Onların dəstəyi sayəsində Abdurrahman heç vaxt digərlərindən fərqləndirilmədi. Bu, bizim üçün çox böyük bir dəyərdir
Abdurrahman Səlimli – autizmli bir uşaq olaraq cəmiyyətin qarşısına istedadı, iradəsi və ailəsinin sevgisi ilə çıxır. Onun hekayəsi sübut edir ki, fərqlilik gücə, çətinlik isə uğura çevrilə bilər. Bu, bizə bir xatırlatmadır: bəzən rənglərin dili ilə danışan bir uşaq, min sözlə deyilə bilməyən hissləri ifadə edə bilər.