Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib










Bakı, 5 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Gününə həsr edilmiş tədbir təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu Zəfəri bizə qazandırmış şəhidlərimizin xatirəsini ehtiramla anıb, qazilərimizə cansağlığı diləyib: “Şanlı Qələbənin əldə olunmasında nazirliyimizin kollektivinin də payı var. Belə ki, 210 əməkdaşımız Vətən müharibəsində iştirak edib. Onlardan 6 nəfər igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bundan başqa müharibədə ailə üzvlərini itirən əməkdaşlarımız da var. Çox şadıq ki, Zəfərin ikinci ildönümündə bu şərəfli tarixi yazmış qəhrəmanların övladları da bizimlədir”.
Nazir müavini qeyd edib ki, azad edilmiş torpaqlarda sürətlə aparılan quruculuq işləri bir daha dünyaya Qarabağ Azərbaycandır, Azərbaycan torpağıdır və buranın əsl sahibləri onu bərpa edir, inkişaf etdirir mesajını verir.
Sonra “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri Sevinc Orucova təşkilatın şəhid ailələrinə dəstək və şəhid övladları ilə iş üzrə fəaliyyəti barədə ətraflı danışıb.
Sevinc Orucova bu istiqamətdə görülən işlərə dəstək verdiyinə görə RİNN-ə minnətdarlığını bildirib.
Tədbir iştirakçıları şəhid övladlarının hazırladığı rəsm əsərləri ilə tanış olublar. Uşaqlar müəllifləri olduqları rəsmlər barədə ətraflı məlumat veriblər.
Sonda şəhid övladları Zəfər Gününə həsr edilmiş poçt markasının möhür vasitəsilə “söndürülməsi” prosedurunu həyata keçiriblər.