Rəsədxana əməkdaşının məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc edilib
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllının həmmüəllifi olduğu elmi məqalə ABŞ-ın nüfuzlu “Physics of Plasmas” elmi jurnalında dərc olunub (https://aip.scitation.org/doi/10.1063/1.5032161).
ŞAR-dan AZƏRTAC-a bildirilib ki, “Anizotrop günəşdə MHD Kelvin-Helmholtz qeyri-sabitliyi” sərlövhəli məqalədə planetlərarası fəzada yaranan təmas səthlərində və onların planetlərin maqnitosferləri ilə təmas səthlərində müxtəlif sürətli Günəş küləyi komponentlərinin sürət sürüşməsi dayanıqsızlıqlarının meydana gəlməsi və müşahidə olunması tədqiqat qrupunun diqqətini cəlb edən əsas faktdır. Bu baxımdan məqalənin hazırlanmasının əsas məqsədi proqnoz məsələləri üçün bu cür plazma dayanıqsızlıqlarının maqnit-hidrodinamik nəzəriyyəsinin yaradılmasıdır.
Kelvin-Helmholtz dayanıqsızlığı astrofizikada və geofizikada mühüm proseslərdən biridir. Son illər həm nəzəri, həm də təcrübi olaraq Günəş tacında, ionosferdə və digər astrofiziki obyektlərdə belə dayanıqsızlıqlar geniş şəkildə öyrənilib. Məqalənin orijinallığı ondan ibarətdir ki, tədqiqat işində müxtəlif sürətli Günəş küləyi şəraitində Kelvin Helmholtz dayanıqsızlığın öyrənilməsi üçün ilk dəfə 16-momentli maqnit-hidrodinamik köçürmə tənliklər sistemi tətbiq olunub.
Qeyd edək ki, tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə aparılıb.