RESPUBLİKA BAYTARLIQ LABORATORİYASINDA VİRUSOLOJİ ŞÖBƏ AÇILMIŞDIR
Bakı, 21 iyun (AZƏRTAC). İyunun 21-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında virusoloji şöbənin açılışı olmuşdur.
Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Sialə Rüstəmova bildirmişdir ki, ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA) və Azərbaycan Respublikası Nazirlər Kabineti arasında bağlanmış sazişlərə əsasən, “Bioloji Təhlükənin Azaldılması Proqramı” (BTAP) çərçivəsində Baytarlıq Laboratoriyasında müasir tələblərə cavab verən virusoloji şöbə yaradılmışdır. Yeni şöbədə seroloji, bakterioloji və molekulyar-bioloji müayinələr aparılmaqla brusellyoz, qarayara, atların manqosu, yüksək patogenli “quş qripi”, donuzların “Afrika ” taunu, qoyunların infeksion kataral isitməsi (göy dil və ya bulutanq), dabaq, nyukasl, qaramalın taunu kimi iti yoluxucu xəstəliklərə müasir standartlara uyğun diaqnoz qoyulacaqdır.
Laboratoriyada EİDSS (Xəstəliklərə Elektron İnteqrasiya Edilmiş Nəzarət Sistemi) Proqramı üzrə server yaradılmış, karta-rider sistemi tətbiq olunmuş, mütəxəssislər üçün kompyuter kursları, EİDSS proqramı üzrə seminarlar, respublikamızın bütün rayonlarında çalışan epidemioloqlar üçün seminarlar keçirilmiş, ölkəmizin 15 baytarlıq xidmətinin əməkdaşı ABŞ-da, Almaniyada, Gürcüstanda beynəlxalq treninq və konfranslarda iştirak etmişlər. Respublika Baytarlıq Laboratoriyasında çevik dəstə yaradılmışdır. Şöbədə ilkin mərhələdə 3, sonrakı mərhələdə isə 8 nəfər fəaliyyət göstərəcəkdir. Şöbənin tam təminatı 2010-2011-ci illərdə ABŞ, sonrakı illərdə Azərbaycan tərəfindən həyata keçiriləcəkdir.
“Bioloji Təhlükənin Azaldılması Proqramı”na uyğun olaraq əvvəlcə 4, daha sonra 8 zona baytarlıq laboratoriyasında müvafiq şöbənin yaradılması nəzərdə tutulur. Sabirabadda Epidemioloji Monitorinq Stansiyasının tikintisi davam etdirilir.
ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA) direktor köməkçisi Roni Feirklos bildirmişdir ki, ABŞ-la sazişlərdə nəzərdə tutulmuş tədbirlərin uğurla davam etdirilməsi regionda Azərbaycanın və onun tərədaşlarının təhlükəsizliyini təmin edəcəkdir. DTRA Sabirabad, Quba, Bərdə, Göygöl və Qaxda laboratoriyaları təkmilləşdirmək üçün DBX ilə tərəfdaşlıq etmişdir. Azərbaycan bioloji təhlükənin azaldılması sahəsində regional liderə çevrilmişdir. Ölkənizin uğuru bu sahədə irəliləməyə cəhd göstərən digər ölkələr üçün nümunə olacaqdır.
######
![]() |
![]() |