CƏMİYYƏT
Respublika Debat Gənclər Forumu keçiriləcək
Bakı, 1 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində “Respublika Gənclər Debat Forumu: Yaz, 2022” layihəsinə start verilir.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək və erkən nikahlar, onun fəsadları haqqında gənclərin məlumatlılığını artırmaq, fikir mübadiləsi aparmaqdır.
“Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda mayın 28-29-da təşkil ediləcək forum çərçivəsində Bakı, Sumqayıt, Quba, Lənkəran, İsmayıllı, Biləsuvar, Şirvan, Ağdam, Mingəçevir, Şəki, Gəncə şəhərlərində debat təlimləri, mövzu üzrə ekspert görüşləri, daxili və regional debat turnirləri təşkil olunacaq. Forumun final mərhələsinə hər bölgə üzrə bir ən yaxşı komanda vəsiqə qazanacaq.