MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir

Bakı, 22 iyul, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası onlayn fəaliyyəti ilə izləyiciləri üçün maarifləndirici materiallar çatdırmağa davam edir. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni virtual səyahət videoçarxının hazırlanmasına start verilib. Respublika Gənclər Kitabxanasının “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” şöbəsinin müdiri Səadət Şəfiyeva tərəfindən hazırlanan bu videoçarxlar silsilə xarakteri daşıyır və bu günədək bu layihənin iki buraxılışı izləyicilərə təqdim olunub.
Həmin videoçarxlarda xarici görünüşü ilə fərqlənən dünyanın ən qeyri-adi kitabxanalarından Fransada Lui-Nyusser, İtaliyada Sandro Penna, Çində Liyuan kitabxanaları, Belarusda Minsk Milli Kitabxanası, ABŞ-ın Kaliforniya Universitetinin Qeyzel Kitabxanası, Danimarkanın Kral Kitabxanası, Meksikada A47 adlanan təkərlərdə mobil kitabxana, Qazaxıstanda olan Milli Kitabxana, Nyu-York şəhərinin metro stansiyasında inşa edilən kitabxana, Keniyada “Dəvə kitabxanası”, İsveçdə “Sonsuz kitabxana” və digər qeyri-adi kitabxanalar haqqında ətraflı məlumat verməklə yanaşı, həmin kitabxanaların rəngarəng görüntüləri də virtual səyahət formatında, əyləncəli şəkildə “Instagram” və “Facebook” səhifələrində izləyicilərin diqqətinə təqdim edilib. Onu da qeyd etmək lazımdır ki, hər bir dünya ölkəsinin kitabxanasından danışarkən fonda bu ölkələrin özlərinə xas olan musiqiləri də səsləndirilib.