RESPUBLİKA GÜNÜ SANKT-PETERBURQDA QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu əzəmətli Şuvalov saraylarının birində yerləşən Azərbaycan Kulinariyası Mərkəzində Azərbaycan Demokratik Respublikası elan edilməsinin 90 illiyinə həsr olunmuş təntənəli qəbul təşkil etmişdir. Tədbirdə Sankt-Peterburq və Leninqrad vilayəti administrasiyalarının rəsmi şəxsləri, RF XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin başçısı, şəhər və vilayət qanunvericilik məclislərinin üzvləri, diplomatik missiyaların rəhbərləri, ali məktəblərin rektorları, şəhər ziyalılarının nümayəndələri və Azərbaycan diasporunun fəalları iştirak edirdilər.
Ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov qəbulda çıxış edərək, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olmuş Azərbaycan Demokratik Respublikasının yaradılması tarixindən, eləcə də dünya birliyində layiqli yer tutmuş ölkəmizin ən yeni tarixi barədə məlumat vermişdir. Q.Osmanov Azərbaycanın dövlətçilik və müstəqilliyinin möhkəmlənməsində, Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Baş konsul erməni təcavüzünün ağır nəticələri, bir milyondan çox insanın öz vətənində qaçqına və məcburi köçkünə çevrilməsi barədə söhbət açaraq qeyd etmişdir ki, bu problem yalnız beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilə bilər.
Sankt-Peterburq qubernatoru Valentina Matviyenkonun və şəhər administrasiyasının adından çıxış edən xarici əlaqələr komitəsinin sədri A.Proxorenko Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş, ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini arzu etmişdir.
Qonaqlara milli yeməklər təklif edilmiş, Sankt-Peterburq Dövlət Konservatoriyasının azərbaycanlı tələbələri Sədi Sədiyev və Regina Rüstəmova Azərbaycan xalq mahnılarını ifa etmişlər. Baş konsulluğun dəstəyi ilə buraxılmış “Konsul” jurnalının Azərbaycana həsr edilmiş növbəti nömrəsi tədbir iştirakçılarına paylanmışdır.
