Respublika Seysmoloji Xidmət Mərkəzində Zəfər Günü qeyd olunub






Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması, eləcə də torpaqlarımızın işğaldan azad olunması uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən mərkəzin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Həmkarlar Təşkilatının sədri, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, baş mühəndis Ramiz İskəndərov, “Bərdə” seysmik stansiyasının müdiri, I Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçısı, mayor Gəray Əsədov Azərbaycan xalqının Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Qələbə qazandığını bildiriblər. Çıxış edənlər Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna bayram olduğunu qeyd ediblər. Bildirilib ki, son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə Şanlı Qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirib. Şəhidlərimiz və qazilərimizin qəhrəmanlığının dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Çıxış edənlər şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.
Tədbir 8 Noyabr - Zəfər Gününə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.