REGİONLAR
RESPUBLİKA ÜZRƏ 80 TON YAŞ BARAMA TƏDARÜK OLUNMUŞDUR
“Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mövsümün əvvəlindən indiyədək respublikamızın 14 baramaçılıq rayonunda kümdarlardan 80 tona yaxın yaş barama məhsulu tədarük olunmuşdur.
Barama tədarükündə Şəki rayonu öndə gedir. Rayonun kümdarları indiyədək tədarük məntəqələrinə 16 tona yaxın yaş barama təhvil vermişlər. Xatırladaq ki, ötən il bu rəqəm cəmi 11,8 ton olmuşdu. Rayon üzrə ən yüksək göstərici Babaratma və Böyük Dəhnə kəndlərində qeydə alınmışdır. Babaratma kəndindən Nəcəf Salamovun ailəsi bu günədək qəbul məntəqəsinə 500 kiloqram, Böyük Dəhnə kənd 2 saylı orta məktəbin kollektivi isə 568 kiloqram yaş barama təhvil vermişlər.
Respublikamızın baramaçılıq rayonlarında məhsul tədarükü davam edir.