Respublika yollarında avtomobillərin normal hərəkətinin təmin edilməsi üçün bütün ehtiyatlar işə salınmışdır
Bakı, 8 fevral (AZƏRTAC). Respublika yollarında avtomobillərin normal hərəkətinin təmin edilməsi üçün bütün ehtiyatlar işə salınmışdır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünən axşamdan hava şəraitinin yenidən pisləşməsi ilə əlaqədar bütün yol istismar idarələri hazırlıq vəziyyətinə gətirilmiş, xüsusi texnika və işçilər avtomobil yollarının təmizlənməsi ilə məşğuldurlar. Hazırda enişli-yoxuşlu avtomobil yollarına duz-qum qarışığı səpilir. Həmçinin mövcud hava şəraiti nəzərə alınaraq respublika üzrə duz ehtiyatı da artırılmışdır.
Hava şəraitinin kəskin pisləşməsi və qarla bərabər çovğunun davam etməsi bəzi yollarda nəqliyyatın işinə çətinlik yaratsa da, heç bir istiqamətdə avtomobillərin hərəkəti tam dayanmamışdır. Sadəcə olaraq, sürücülər hava şəraitinə uyğun sürət həddi seçməlidirlər.
Eyni zamanda, növbətçilik cədvəli əsasında bölgələr də daxil olmaqla, yolların vəziyyəti barədə məlumatlar mütəmadi olaraq mərkəzi aparata göndərilir və proses nəzarət altındadır.