DÜNYA
Respublikaçı senator Kiyevə 6 milyard dollar yardım ayrılmasına qarşıdır

Bakı, 26 sentyabr, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (Kaliforniya ştatından olan respublikaçı) Kiyevə 6 milyard dollarlıq yardımın federal hökumətin maliyyələşməsinin uzadılması təşəbbüsünə daxil edilməsinə qarşıdır.
AZƏRTAC xəbər verir ki, Kevin Makkarti bunu sentyabrın 26-da təşkil olunan mətbuat konfransında deyib.
Bir müddət öncə ABŞ Konqresi Senatında demokratlar və respublikaçılar federal hökumətin maliyyələşməsinin noyabrın 17-dək uzadılması barədə qanunverici təşəbbüsü ilkin olaraq razılaşdırıb. Müvəqqəti büdcə layihəsində Ukrayna üçün 6 milyard dollar nəzərdə tutulub. Respublikaçılar qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə ABŞ-Meksika sərhədində nəzarətin gücləndirilməsinə vəsait ayrılmasında israr etsələr də, bu, layihədə nəzərə alınmayıb.
“Əgər onlar bütün diqqətlərini cənub sərhədinə deyil, Ukraynaya ayırmaq istəyirsə, deməli prioritetləri tərs müəyyən edilib”, - deyə Nümayəndələr Palatasının spikeri bildirib.
Qeyd edək ki, Vaşinqton administrasiyası sentyabrın 30-da bitəcək 2023-cü maliyyə ilinin büdcəsindən Kiyevə təcili hərbi yardım üçün 13 milyard dollar, həmçinin Ukrayna və digər ölkələrə iqtisadi və təhlükəsizlik sahələrində dəstək üçün 8,5 milyard dollar ayrılması üçün Konqresə müraciət edib.