RESPUBLİKANIN ENERGETİKA SİSTEMİNDƏ BAŞ VERMİŞ QƏZA İLƏ ƏLAQƏDAR KEÇİRİLMİŞ MÜŞAVİRƏDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN NİTQİ
Güman edirəm ki, məsələ aydındır. Dünən mənim imzaladığım Sərəncam, bizim həyata keçirdiyimiz tədbirlər yaranmış vəziyyətin nə qədər ağır olduğunu, eyni zamanda, onun qısa müddətdə aradan götürüldüyünü nümayiş etdirmişdir. Ancaq bugünkü müzakirə, gördüyünüz kimi, çox zəruri və vacib imiş.
Mən artıq “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Pirverdiyev danışarkən onların işində olan nöqsanlar və şəxsən onun özünün işinə olan iradlar haqqında fikrimi bildirdim və xəbərdarlıq etdim. Ancaq bu xəbərdarlıq təkcə ona deyil, bu xəbərdarlıq sizin hamınıza aiddir. Çünki bu, bir təşkilatın işi deyildir. Bu, bütün Azərbaycanın təsərrüfatının, iqtisadiyyatının işidir. Burada oturan şəxslərin - nazirlər, komitə sədrləri, Bakı şəhəri rayonlarının icra hakimiyyətlərinin başçıları və başqa vəzifəli şəxslər - hər birisi bu sahədə öz üzərlərinə düşən məsuliyyəti hiss etməlidir və bilməlidir.
Bizdə elektrik enerjisi ilə təminat həmişə çox normal, rahat olduğuna görə heç vaxt təsəvvür etmək mümkün deyildi ki, Bakı şəhəri bir dəqiqənin içərisində belə vəziyyətə düşə bilər. O gecə məni narahat edən çox şey oldu. Birincisi, təkcə Bakının yox, Azərbaycan əhalisinin əksəriyyəti qaranlıq içərisində idi. Məni bu narahat etdi.
İkincisi, belə bir vəziyyətdə hər bir şəhərdə, o cümlədən Bakı kimi böyük şəhərdə müxtəlif cinayət hadisələri baş verə bilər. Mənə danışırlar, küçələr avtomobillərlə dolu idi və o vaxtlar insanlar bağlardan geri qayıdırmışlar. Svetaforlar işləmirdi, yollarda avtomobillərin hərəkətində böyük gərginlik yaranmışdı. Əgər elektrik enerjisi yoxdursa, svetaforlar işləmirsə və bizim polis işçilərimiz də bu məsələ ilə dərhal məşğul olmağa başlamayıblarsa, onda təsəvvür edin, mən hansı hissləri keçirirdim. Mən çox narahat idim, həddən artıq narahat idim. Bir tərəfdən, ona görə ki, vətəndaşlarımız xüsusilə bu istirahət günü işıqsız qalıblar və onların istirahəti, yaxud da ki, işi pozulubdur. İkinci tərəfdən də, ona görə ki, belə hallar hər bir ölkədə, hər bir şəhərdə, hər bir məntəqədə müxtəlif cinayətkar qrupların hərəkət etməsi üçün əlverişli şərait yaradır.
Ona görə də mən həm elektrik enerjisi ilə məşğul olan şəxsləri arayırdım, onlarla əlaqəyə girirdim, həm də bizim hüquq mühafizə orqanlarının başçıları ilə əlaqəyə girməyə çalışırdım. Çox təəssüflər olsun ki, onlarla da, bizim bu güc nazirlikləri ilə, hüquq mühafizə orqanları ilə də mənim əlaqəyə girməyim üçün çox çətinliklər yarandı. Çünki onların bəziləri yerlərində deyildilər. Təbiidir, onlar gecə vaxtı iş yerində olmamalıdırlar. Amma harada olduqları bilinməlidir. Dərhal öz vəzifələrini yerinə yetirməlidirlər. Prezident onları axtaran kimi tapmalıdır. Mən yenə də deyirəm, fərdi olaraq hər bir adamla bu barədə danışmışam. Elə o gecə telefonla öz sözlərimi demişəm. Bunu artıq təkrar etmək istəmirəm. Ancaq o faktı bir daha kəskin surətdə ortaya qoyaraq, hər bir vəzifəli şəxsdən tələb edirəm ki, öz vəzifəsini layiqincə yerinə yetirsin. Vəzifə təkcə ondan ibarət deyildir ki, gəldin, 6-7 saat iş yerində oturdun, ondan sonra çıxıb getdin, dünyadan xəbərin yoxdur. Bizim hər birimiz gecə də, gündüz də öz vəzifəmiz, məsuliyyətimiz haqqında düşünməliyik. Öz məsuliyyətimizi düşünərək, üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Belə olan halda hər şey normal olacaqdır. Prezident hansı naziri axtarsa, beş dəqiqədən sonra onu tapacaqdır.
Əgər o naziri bir saata tapa bilmirsə, başqasını saat yarıma tapa bilmirsə, bəzisini heç tapa bilmirsə, bu, biabırçılıqdır. Belə vəziyyətə dözmək olmaz. Mən hamını bir daha xəbərdar edirəm və hesab edirəm ki, hər bir nazirlikdə, hər bir idarədə, hər bir dövlət orqanında gecəli-gündüzlü növbətçilik sistemi yaranmalıdır. Mütləq yaranmalıdır! Onlar bizim Prezident Aparatındakı mərkəzi növbətçilik sistemi ilə, Xüsusi Dövlət Mühafizə Xidməti ilə, Nazirlər Kabineti ilə daim əlaqədə olmalıdır.
Mən baxıram, indi bəzi hallarda ayrı-ayrı təşkilatlar haqqında elə mənim evimə köhnə telefon məlumat kitabçaları gətirirlər. Bu adam bir ildir işləmir, lakin adı bu kitabçadadır, telefonu da var. Amma yeni işləyən adamın adı və telefonu orada yoxdur. Mən bəzən kiminsə telefonunu oradan-buradan axtarıram. Bax, bu sistemi yaratmaq lazımdır. Artur Rasizadə də, Ramiz Mehdiyev də bütün nazirliklər üzrə bu sistemi yaratmalıdırlar. Bizim yerli icra hakimiyyəti orqanları üzrə də bu sistem yaradılmalıdır. Mən artıq bu məsələnin üzərində dayanmaq istəmirəm.
Mən komissiya təşkil etmişəm, 15 gün vaxt vermişəm. 15 gün müddətində bütün bu işləri qurtarmaq lazımdır. Komissiyanın işinə nəzarəti baş nazirə tapşırıram. 15 gün müddətində mənə yazılı məlumat verilməlidir. Ancaq bizim indiki məqsədimiz təkcə vəziyyəti öyrənmək, səbəbi araşdırmaq, günahkarı tapmaq, nöqsanları aradan qaldırmaq deyildir. Bu hadisədən irəli gələn əsas vəzifə bizim elektrik enerjisi sistemində olan bütün nöqsanların qısa müddətdə aradan götürülməlisidir. Bax, Komissiya gərək işlədiyi müddətdə bu barədə çox güclü tədbirlər görsün və mən baş nazirdən də xahiş edirəm ki, bu işlərə ciddi nəzarət etsin.
Burada müzakirə zamanı Yaqub Eyyubov bir məsələ qaldırdı. Amma bu, yeni məsələ deyildir. Bizdə, Azərbaycanda, Bakıda,- təkcə Bakıda deyil, başqa şəhərlərdə də, amma daha da çox Bakıda,- ayrı-ayrı şəxsi evlərin, villaların, binaların tikilməsi üçün torpaq sahələri ayrılır. Torpaq sahələri sistemsiz ayrılır. Rayonun icra başçısı torpağı kimə istəyirsə, ona da verir. Belə siqnallar var ki, bəzi hallarda bu, təmənnasız olmur. İndi Artur Rasizadə deyir ki, bir ev tikilibdir ki, neft quyusu onun həyətindədir. Sən onun ünvanını bilirsənmi?
ARTUR RASİZADƏ: Bilirəm, Badamdardadır.
HEYDƏR ƏLİYEV: Badamdardadır? Yaxşı, bunu araşdırmaq lazımdır.
Burada bir sistem yaranmalıdır. Şəhərlər böyüyür, Azərbaycanda da bazar iqtisadiyyatıdır. Biz şəxsi mülklərin, evlərin tikilməsinə etiraz etmirik. Əksinə, mən, məsələn, inşaat biznesi haqqında bir-iki dəfə demişəm, çox müsbət haldır ki, yer götürürlər, 12, yaxud 20 mərtəbəli ev tikirlər. Həm əhali evlə təmin olunur, həm də şəhərdə yeni bir bina yaranır. Tikilən evlərin də əksəriyyəti zahiri görkəmi ilə bizim şəhərimizi daha da gözəlləşdirir.
Mən bunu yüksək qiymətləndirirəm. Ancaq hər bir halda bu yerlərin ayrılmasına çox ciddi münasibət göstərilməlidir. Bunlar kiminsə öz istəyi və arzusu ilə ola bilməz.
Bizdə bir çox təşkilatlar vardır: kanalizasiya təşkilatı, nə bilim, su-kəmərləri təşkilatı var... Bizim şəhərimiz belədir ki, burada yerin altı ilə neft xətləri, başqa xətlər keçir. Bunların hamısı nəzərə alınmalıdır. Amma təəssüflər olsun ki, bəziləri Bakı İcra Hakimiyyəti ilə, yaxud da başqa icra hakimiyyəti orqanları ilə sövdələşiblər, istədikləri yerdə evi tikiblər. Mən bir də bəyan edirəm ki, evlərin tikilməsini dəstəkləyirəm. Ancaq birincisi, bunlar şəhərin baş planı ilə uyğunlaşdırılmalıdır. İkincisi də, onlar gərək şəhərsalma prinsipini pozmasınlar. Hər bir böyük şəhərdə tikintinin prinsipləri var. Bu, sovet vaxtından Azərbaycanda, Bakıda olan şeydir - şəhərsalma sistemi, şəhərin baş planı... Şəhərin baş planı kənarda qalır, şəhərsalma prinsiplərinin tələbləri kənarda qalır. İnsanlar subyektiv prinsiplər əsasında, - buna prinsip də demək olmaz, - müəyyən sövdələşmə, təmənna nəticəsində belə şeylərə nail olurlar. Mən bunları qadağan edirəm.
İkincisi, ayrı-ayrı üç-dörd mərtəbəli evlər , - buna bizdə villa deyirlər, - tikirlər. Hər halda, bir ailə üçün. Bəzən elə olur ki, həmin o bir ailə üçün tikilən evin tutduğu yer iyirmi mərtəbəli iyirmi evin tutduğu yerə bərabər olur. Bunu düşünmək lazımdır. Bakıda torpaq tükənməz deyildir. Biz əgər Bakının torpağını belə dağıtsaq, - mən bu sözü təsadüfən işlətmirəm, - onda 5-10 ildən sonra, 20-30 ildən sonra insanlar burada nə edəcəklər? Ona görə də bu işlər sistemləşdirilməlidir. Yoxsa, rayonun icra hakimiyyəti başçısı kefi istədi, gəlib yer ayırdı. O da gəlib orada ev tikdi. Sonra heç nə edə bilməzsən, bu, onun şəxsi mülkiyyətidir. Biz şəxsi mülkiyyəti qorumalıyıq. Amma burada oturan icra hakimiyyəti başçılarının hamısının bunda günahı var. Bu başda oturan Sumqayıt, onun yanında oturan Binəqədi icra hakimiyyətlərinin başçıları - sizin üzünüzə deyirlər, günahlarınız çoxdur. Qaradağ rayonunda belə hallar o qədər yoxdur, çünki oranın müştərisi azdır, amma o da günahsız deyildir. Nizami, Əzizbəyov, Nəsimi, Nərimanov, Suraxanı, Səbail, Sabunçu rayonlarıdır, Hacıbala Abutalıbov, hansında yoxdur?
HACIBALA ABUTALIBOV: Hamisinda var.
HEYDƏR ƏLİYEV: Səndə necə?
HACIBALA ABUTALIBOV: Hamısında vardırsa, deməli məndə də var.
HEYDƏR ƏLİYEV: Səndə də var. Elədirmi? Bunlara son qoyulmalıdır. Ona görə də heç kəs düşünməsin ki, Azərbaycan Prezidenti fərdi tikinti prosesinə maneçilik törətmək, yaxud onun qarşısını almaq istəyir. Yox. Mən istəyirəm ki, bizim o yaxşı inşaatçılar, son vaxtlar tikdikləri kimi, çoxmərtəbəli evlər tiksinlər. İstəyirəm ki, o pullu adamlar, - o pulları haradan toplayıblarsa, öz vicdanları bilər, - özlərinə yaxşı ev tiksinlər.
Mən etiraz etmirəm. Ancaq dövlətin mənafeyinin pozulmaması şərtilə. Dövlətin mənafeyi torpaqdır. Torpaqdan qiymətli dünyada heç nə yoxdur. Hər şeyi almaq, düzəltmək, tikmək olar. Amma Azərbaycanda yenidən bir hektar torpaq sahəsi yaratmaq olmaz. Əgər olanları biz bu cür məsuliyyətsiz, özbaşına buraxsaq ki, kim nə istəyir onu etsin... Ona görə də mən birinci növbədə Bakının bütün rayonlarının icra hakimiyyəti başçılarının bu barədə fəaliyyətlərini pisləyirəm, onların işini qeyri-qənaətbəxş hesab edirəm. O cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin də. Hacıbala Abutalıbov gələndən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi çox iş görüb və indi yəqin ki, bu barədə ona böyük ittiham irəli sürmək düzgün olmazdı. Amma təəssüflər olsun ki, ondan öncəki dövrdə Bakıda torpaqlar dağıdılıbdır. İndi də bəzən mənimlə danışanda görürəm ki, öz gücsüzlüyünü göstərir. Filan icra hakimiyyəti başçısı etdi... Deyirəm, niyə qoyursan? Deyir, qadağan edirəm, sözümə baxmır. Soruşuram niyə? Deyir ki, yuxarıdan kimsə onu dəstəkləyir.
Mən açıq söhbət edirəm. Kİm dəstəkləyir? Kim yuxarıdan dəstəkləyir? Belə qanunsuz hərəkətləri Prezident Aparatından, Nazirlər Kabinetindən, Milli Məclisdən, haradan dəstəkləyirlər? Amma mən düşünmürəm ki, Abutalıbov bu barədə yalan məlumat verir. Gəlin danışaq, əgər bizim üçün Azərbaycan və onun paytaxtı Bakı hər şeydən əzizdirsə, torpaq bizim müstəqil Azərbaycanın ən yüksək sərvətidirsə, bunu ayrı-ayrı adamların marağına təslim etmək olarmı? Bu barədə hər kəs düşünməlidir. Mən Hacıbala Abutalıbova tapşırıram, kimin kimi dəstəkləməsinə baxmayaraq, sən cavabdehsən və hər bir rayon icra hakimiyyəti başçısının bu barədə fəaliyyətinə cavabdehsən.
Ancaq mən bu tənqidi edərkən, eyni zamanda, burada, - ola bilər ki, tam olmasın, - müəyyən qədər öz fikirlərimi bildirmək istəyirəm. Bizdə bu inşaat prosesi getməlidir. Ona görə gərək şəhərsalma və planlaşdırma idarəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, şəhərsalma ilə məşğul olan layihə institutları bir yerdə toplaşıb müəyyən etməlidirlər - Bakının hansı hissəsində, hansı məhəlləsində bir böyük sahə ayırmaq olar ki, orada fərdi evlər tikilə bilər. Orada hərəyə nə qədər yer verilməlidir. Başa düşdünüzmü? Biri gəlib orada ev tikir, tələb olunduğundan beş qat çox torpaq götürür.
Fərhad Əliyev, bizdə özəlləşdirmə aparılarkən, bina özəlləşdirildikdə torpaq da özəlləşdirilir?
FƏRHAD ƏLİYEV (iqtisadi inkişaf naziri): Əgər üstü özəlləşdirilibsə, bəli. Müəssisə özəlləşdirilibsə, torpaq da həmin müəssisəni özəlləşdirən şəxs üçün özəlləşir.
HEYDƏR ƏLİYEV: Özəlləşir. Deməli, torpaq əldən getdi.
FƏRHAD ƏLİYEV: Torpaq o müəssisəyə verilir.
HEYDƏR ƏLİYEV: Müəssisə yox, mən fərdi adamlardan danışıram.
FƏRHAD ƏLİYEV: O da elədir.
HEYDƏR ƏLİYEV: Demək, ona görə burada müəyyən bir hədd qoymaq lazımdır.
Hər kəs bu çərçivə daxilində evini tikməlidir. Yoxsa biri ev tikir, üç hektar torpaq götürür, o birisi isə yox. Mən bir neçə dəfə Ankara aeroportundan şəhərə vertolyotla getmişəm. Orada böyük ərazilər sektorlara bölünübdür. Evlərin hamısı bir-birinə bənzəyir, bir-birinin yanındadır, hərəsinin də kiçik bir həyəti. Böyük bir sahədə nə qədər evlər yerləşibdir. Amma təkcə Ankarada deyil, Qərb ölkələrinin şəhərlərində də belədir. Bizdəki kimi kim nə qədər istəyirsə torpaq alsın - Qərb ölkələrində belə şeylərə yol verilmir. Bir qarış da artıq torpaq verməzlər. Amma indi elə bir dövran düşübdür ki, burada insanlar, bizim rəhbər vəzifəli şəxslər özlərinə mənfəət götürərək düşünmürlər ki, bu mənfəəti əldə etməklə Azərbaycanın milli mənafeyinə nə qədər zərbə vururlar. Belə hallara yol verirlər.
Ona görə də mən baş nazirə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısına tapşırıram: adamları yığın, sistemi müəyyən edin. Hansı sistem üzrə nə cür ola bilər? Bir sistem - hündür mərtəbəli evlər tikilməsi, digər sistem isə fərdi evlərin tikilməsi. Müəyyən edilsin ki, hər fərdi evin tikilməsinə nə qədər torpaq vermək olar və şəhərin hansı hissələrində bu tikintilər aparılmalıdır.
Artur Rasizadə bilir ki, Badamdarda həyətində neft quyusu olan ev var. Bir vaxt hay-küy saldılar ki, hamı Badamdarda ev tikir. Burada oturanların bəzilərinin orada evi var. Mən bunu bilirəm. Yaqub Eyyubov başının hərəkəti ilə bunu təsdiq edir.
YAQUB EYYUBOV: Məndə siyahı var.
HEYDƏR ƏLİYEV: Səndə siyahı var.
YAQUB EYYUBOV: Kim harada və nə tikib, kimin evinin altından kəmər keçir, hamısı məlumdur.
HEYDƏR ƏLİYEV: Məlumdur. Onda səni komissiya sədrinin müavini təyin edirəm.
Deməli, birincisi, bunun qarşısı alınır. İkincisi, bu cür nalayiq işlər görmüş adamlar haqqında bizə arayışlar yazılıb verilir. Üçüncüsü də, sistem yaradırıq.
Sözümün sonunda bir də deyirəm ki, Azərbaycanda inşaat biznesinin tərəfdarıyam. Bakıda yüksək mərtəbəli binaların tikilməsi, - onları kimin inşa etməsinin mənim üçün fərqi yoxdur, - bizim şəhərimiz üçün çox xeyirlidir, çünki insanları təmin edir və şəhəri gözəlləşdirir.
Eyni zamanda, mən insanların özlərinə ayrı-ayrı mülk tikməsinin tərəfdarıyam və bunu da dəstəkləyirəm. Ancaq bunların hamısı bizim qanunlarımız çərçivəsində olmalıdır. Xahiş edirəm, bununla məşğul olun.
Bir halda ki, toplaşmışıq, - biz tez-tez toplaşa bilmirik və buna ehtiyac da yoxdur, - bir məsələyə də toxunmaq istəyirəm. Bizim Xəzər dənizinin çirklənməsi məni çox narahat edir. Bu, ümumi problemdir. Yəni təkcə bizim üçün yox, Xəzəryanı bütün ölkələr üçün problemdir. Biz bu barədə Aşqabadda Xəzəryanı dövlətlərin başçılarının görüşündə geniş müzakirə apardıq. Sankt-Peterburqda Rusiyanın Prezidenti Vladimir Putinlə görüşərkən də biz bu məsələni müzakirə etdik. Bu, böyük məsələdir. Yəni bununla gərək bütün dövlətlər məşğul olsunlar. Çünki Xəzər dənizinin çirklənməsi hər tərəfdəndir.
Heç bir ölkə deyə bilməz ki, onun sahilindən Xəzər dənizinə çirkab suları buraxılmır, yaxud da ayrı-ayrı zavod və fabriklərin zəhərli suları axıdılmır. Bunu heç kəs deyə bilməz, o cümlədən biz də deyə bilmərik. Amma bizdə, Abşeronda çox ağır vəziyyət yaranıbdır. Mən ötən bazar günü Zuğulbaya getmişdim. Orada maraqlandım ki, dənizdə çimmək mümkündür, yoxsa mümkün deyil? General Vaqif Axundov mənə məlumat verdi ki, Zuğulbada, - yeni dövlət bağları, bunu siz də yaxşı bilirsiniz, Səhiyyə Nazirliyinin keçmiş pansionatları var, indi orada qaçqınlar yerləşirlər, - “Gənclik” düşərgəsindən o tərəfə qədər su çox çirklidir və mikrob var. Ona görə də istifadə etmək mümkün deyildir. Mən soruşdum, başqa yerlərdə necədir? Dedi ki, başqa yerlərdə də belədir. Soruşdum ki, bəs insanlar dənizə necə girirlər? Dedi ki, girirlər də, kiminsə xoşuna gəlir, risk edib girir.
Ekologiya və təbii sərvətlər naziri buradadır. Yəqin ki, məlumat verə bilər. Bu vəziyyət məni çox narahat edir. Sən mənə de, hansı kanalizasiya xətləri gəlib oraya tökülür?
VAQİF AXUNDOV /Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi\: Cənab Prezident, orada Əzizbəyov rayonunun yaşayış binaları var, təqribən 15-20 min adam üçün nəzərdə tutulubdur. İndi isə 50 minə yaxın əhali yaşayır. Oradan on kilometr uzunluğunda kanalizasiya xətti keçir, dənizin səviyyəsi qalxdığına görə, bir hissəsi suyun altında qalmışdır. Ümumiyyətlə, orada uzun müddətdir ki, nasos stansiyası da işləmir. Çirkab sularının hamısı birbaşa dənizə axır. Həm dövlət pansionatından - Səhiyyə Nazirliyinin pansionatından, həm də “Gənclik” düşərgəsi tərəfdən.
HEYDƏR ƏLİYEV: Məni təkcə ora maraqlandırmır, o biri yerlər...
VAQİF AXUNDOV: Ümumiyyətlə, bütün o yerlərdə,- orada Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin pansionatları var, - sahil sularından götürülən nümunələr həddindən artıq çirklidir. Orada çimmək mümkün deyildir. Səhiyyə Nazirliyi bunu bilir.
HEYDƏR ƏLİYEV: Yaxşi, əyləş. Sənin başqa sözün yoxdur?
VAQİF AXUNDOV: Yoxdur.
HEYDƏR ƏLİYEV: Ekologiya və təbii sərvətlər naziri nə deyə bilər?
HÜSEYNQULU BAĞIROV /ekologiya və təbii sərvətlər naziri\: Cənab Prezident, Sizin tapşırığınızla üç ay bundan əvvəl Abşeron yarımadasının su hövzələrinin, yəni göllərin, gölməçələrin və dəniz sahillərinin, qrunt sularının vəziyyətini öyrənmək üçün nazirliklərarası komissiya yaradıldı. Həmin komissiya 3-4 gün bundan əvvəl öz işini başa çatdırmışdır. Təxminən 700 səhifəlik hesabat hazırlayıbdır. Belə bir sənəd hazırdır, bu işin maliyyə xərcləri hesablanıbdır.
HEYDƏR ƏLİYEV: 700 səhifəlik sənədi siz oxuyub təhlil edin, amma bizə öz təkliflərinizi verin. Görək nə etmək lazımdır.
HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, orada təkliflər də var.
HEYDƏR ƏLİYEV: Bizə əsas təkliflər lazımdır. Görün nə etmək lazımdır. Çünki bu məsələ ilə çox geniş, qlobal nöqteyi-nəzərdən məşğul olmaq lazımdır. Artur, mən bunu sənə bir-iki dəfə tapşırmışam. Amma indi mən düşünürəm ki, o kanalizasiya xətləri ki, var həmin sahəyə gəlir, - o çimərlikdən çox adamlar istifadə edirlər, - yəni həmkarlar təşkilatlarının keçmiş sanatoriyasından başlayaraq ta Buzovnadan aşağıya qədər, oralarda da çoxlu kanalizasiya xətləri var, o yerlərdə təcili tədbirlər görmək lazımdır. Amma ekologiya və təbii sərvətlər naziri, sən təkliflərini ver. Hamısını etmək mümkün deyil, amma birinci növbədə nə etmək, hansı tədbirləri görmək lazımdırsa, bunlar edilməlidir. Yoxsa mənə o qədər tədbir görmək barədə təklif verərsən ki, bunun qiyməti 500 milyon dollar olar, bunu da həyata keçirmək mümkün olmayacaqdır. Sən gərək birinci, ikinci, üçüncü növbədə görülməli olan tədbirləri deməlisən ki, bunları ardıcıl surətdə həyata keçirmək mümkün olsun. Anladınmı?
Yaxşi, mənim sizə deyəcəyim sözlər bu qədər, sag olun.