MƏDƏNİYYƏT
Rəssam Hafiz Kərimovun “akvarellə lirika” adlı fərdi sərgisi açilıb




















Bakı, 21 oktyabr, AZƏRTAC
Xətai Sənət Mərkəzində rəssam Hafiz Kərimovun “Akvarellə lirika” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xalq rəssamları Ağaəli İbrahimov, Arif Hüseynov, sənətşünas Ziyadxan Əliyev, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, rəssamın dostları və yaxınları çıxış ediblər.
Qeyd edilib ki, 55 yaşını qeyd edən suluboyaçı rəssam Hafiz Kərimov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mahmudoba kəndində anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirən rəssam 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bir neçə fərdi və qrup sərgilərinin iştirakçısı olmaqla yanaşı, rəssamlar üçün nəzərdə tutulan ictimai işlərdə fəallığı ilə seçilib və dəfələrlə mükafata layiq görülüb.
Əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasında, özəl qalereyalarda, o cümlədən xarici və yerli kolleksiyalarda saxlanılır. Hazırda rəssamlığını davam etdirməklə bərabər pedaqoji fəaliyyətlə də məşğuldur.
Sərgi oktyabrın 24-dək davam edəcək.