Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları “Cloud Computing” xidmətindən istifadə edəcəklər
Bakı, 11 sentyabr (AZƏRTAC). Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında AzScienceNet elm kompyuter şəbəkəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
AZƏRTAC xəbər verir ki, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun məlumatına görə, AzScienceNet elm kompyuter şəbəkəsinə qoşulmuş AMEA Riyaziyyat və Mexanika İnstitutunda əlavə olaraq naqilsiz Wi-Fi şəbəkəsi quraşdırılmışdır.
Naqilsiz şəbəkə institutda keçirilən konfrans və seminarlar zamanı tədbir iştirakçılarının internetdən sərbəst istifadəsini təmin edəcəkdir. Həmçinin qurumun əməkdaşlarına AzScienceNet-in data mərkəzində yaradılmış yeni “Cloud Computing” xidmətindən istifadə imkanı verilmişdir ki, bu da institutda meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin ən qısa müddətdə həllinə imkan yaradır.