Rumıniya Aİ-də elektrik enerjisini birjadan ən yüksək qiymətə alır
Buxarest, 4 oktyabr, AZƏRTAC
Rumıniya vətəndaşları Avropa İttifaqında elektrik enerjisinə ən yüksək qiyməti ödəyirlər. Bu barədə ölkənin energetika naziri Boqdan İvan bildirib.
Nazirin sözlərinə görə, ötən həftə ərzində Rumıniya birjada elektrik enerjisini orta hesabla hər meqavat-saat üçün 145 avroya alıb. Müqayisə üçün Fransada bu göstərici 61 avro təşkil edib.
Boqdan İvan qeyd edib ki, bu vəziyyət son on ildə ölkədə kömür və qaz elektrik stansiyalarının bağlanması, ümumilikdə, 7 min meqavat gücün dövriyyədən çıxarılması ilə bağlıdır. Əvəzində cəmi 1,2 min meqavat gücdə yeni stansiyalar istifadəyə verilib. Rumıniya Günəş panellərinə sərmayə qoysa da, enerji saxlama imkanlarını təmin etməyib.
Nazir bildirib ki, bəzən ölkə elektrik enerjisini qonşu Macarıstana cəmi 20 avrosentə satır, lakin axşam saatlarında — 18:00-dan 22:00-dək eyni enerjini 197-dən 393 avroyadək qiymətə idxal etmək məcburiyyətində qalır. Bu, enerji saxlama sistemlərinin olmaması ilə izah olunur.
O, həmçinin hökumətin 2025-ci ilin sonunadək bütün kömür elektrik stansiyalarını bağlamaq qərarını kəskin tənqid edib. Nazir qeyd edib ki, Almaniya bu addımı 2040-cı ilə, Polşa isə 2050-ci ilə planlaşdırıb. Rumıniyada isə vaxtından əvvəl bağlanma enerji çatışmazlığına və kəsintilərə səbəb ola bilər.
İvan vurğulayıb ki, qarşıdakı üç ay ərzində Avropa Komissiyasını kömür elektrik stansiyalarının yalnız yeni güclər istifadəyə verilənədək işləyəcəyinə inandırmaq vacibdir.
Qeyd edək ki, Rumıniya daha əvvəl 2025-ci ilə qədər bütün kömür elektrik stansiyalarını bağlamağı öhdəsinə götürüb. Lakin həmin vaxta qədər ölkədə tikilməkdə olan qaz elektrik stansiyalarının işə düşəcəyi gözlənilmir.
Buxarest