Rumıniya nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda olub



Bakı, 2 noyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev nümayəndə heyətinə son illər ölkəmizdə aparılan genişmiqyaslı sosial islahatlar və sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində əldə olunan irəliləyişlər barədə məlumat verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial ödənişlərdəki ciddi artımlar, DSMF-də idarəçiliyin şəffaflaşdırılması və optimallaşdırılması, əhaliyə xidmətlərin çevik və proaktiv qaydada qurularaq keyfiyyətinin yüksəldilməsi sahəsində aparılmış ardıcıl islahatlar qeyd olunub.
Bu günlərdə Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən DSMF-nin “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” üzrə iki Mükəmməllik Sertifikatı, DOST Agentliyinin “Xidmət keyfiyyəti” meyarı üzrə Mükəmməllik Sertifikatı ilə təltif edildiyi, fond sədrinin BSTA-nın Büro üzvü və Komitə sədri seçildiyi bildirilib.
Ümumən DSMF və DOST Agentliyinə bu il 11 beynəlxalq mükafat, eləcə də nazirliyin qurumlarına 2021-2022-ci illərdə 12 beynəlxalq ISO sertifikatı təqdim olunduğu barədə məlumat verilib.
DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov ölkəmizdə pensiya təminatı və sosial müdafiə sahəsində aparılan islahatlara dair təqdimat edib.
Xatırladaq ki, Rumıniya nümayəndə heyətinin səfəri çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budey 2023-2024-cü illər üzrə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar. Sənəddə digər müvafiq fəaliyyət sahələri ilə yanaşı, pensiya təminatı və sosial müavinətlər sahəsində də bilik və qabaqcıl təcrübələrin mübadiləsi nəzərdə tutulur.