RUS MƏDƏNİYYƏTİ MƏRKƏZİNDƏ İRİNA ZAQOVORÇEVANIN SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 13-də Rus Mədəniyyəti Mərkəzində moskvalı rəssam İrina Zaqovorçevanın “Sentimental səyahət” adlı 48-ci fərdi sərgisi açılmışdır.
Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və Azərbaycanın rus icması yanında Rus Mədəniyyəti Mərkəzinin köməyi ilə təşkil olunmuş vernisaja 25 tablo, o cümlədən natürmort, şəhər mənzərələri, yağlı və sulu boya ilə çəkilmiş rəsmlər və kollaj texnikası ilə işlənmiş qrafika əsərləri daxildir. Lakin sərgiyə gələnlərin diqqətini rəssamın çox sevdiyi müğənni və onun yaxın tanışı Müslüm Maqomayevin portreti cəlb etmişdir.
Bu barədə məlumat verən İ.Zaqovorçeva demişdir: "Bəzən belə olur ki, insan üçün coğrafi kəşf təəssüratlarla zəngin hadisədən başlanır. Mənim də başıma belə bir iş gəlmişdir. Mən Azərbaycanı ilk dəfə 1969-cu ildə Sopotda Müslüm Maqomayevin laureat olduğu IX Beynəlxalq estrada mahnısı festivalında kəşf etmişəm. Bu əfsanəvi şəxsiyyətlə elə o vaxt tanış oldum və elə o vaxt da Azərbaycana vuruldum”. Rəssam bildirmişdir ki, gələn il Azərbaycan paytaxtına “Bakı Müslüm Maqomayevin şəhəridir" adlı sərgi ilə gəlmək niyyətindədir.
Beynəlxalq Rəssamlıq Fondunun, Beynəlxalq Rəssamlar Federasiyasının (YUNESKO), Rusiya Rəssamlar İttifaqının üzvü olan İrina Zaqovorçevanın əsərləri artıq 20 ildir ki, həm Rusiyada, həm də xarici ölkələrdə uğurla nümayiş etdirilir.
İki həftə çəkəcək sərginin açılışında Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin nümayəndəsi E.Şeyxov, Rus Mədəniyyəti Mərkəzinin direktoru S.Barinova və başqaları çıxış etmişlər.