İQTİSADİYYAT
RUSİYA AZƏRBAYCAN İQTİSADİYYATINA SƏRMAYƏ QOYAN ÖLKƏLƏR ARASINDA 9-CU YERİ TUTUR
Bakı, 17 avqust (AZƏRTAC). Cari ilin 7 ayının yekunlarına görə, Azərbaycan iqtisadiyyatına sərmayə qoymuş 15 ölkə arasında Rusiya doqquzuncu yeri tutmuşdur. Bu müddətdə Rusiya Federasiyasının ölkəmizin iqtisadiyyatına qoyduğu investisiyaların ümumi məbləği 1,9 milyon manat olmuşdur.
Rusiya Federasiyasının (RF) Bakıdakı Ticarət Nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ölkənin investisiyaları əsasən Azərbaycanın qeyri-neft sektoruna yönəlmişdir.
RF-nin Ticarət Nümayəndəliyində belə güman edirlər ki, investisiyaların təşviq edilməsi və qarşılıqlı müdafiəsi haqqında hökumətlərarası sazişin bağlanması qarşılıqlı investisiya fəaliyyətinə yeni təkan verə bilər.
Azərbaycan iqtisadiyyatının elektroenergetika, nəqliyyat, yol tikintisi, inşaat materialları və neft-mədən avadanlığı istehsalı, gəmiqayırma və bank sektoru sahələri Rusiya investisiyaları üçün perspektivli istiqamətlər sayılır. Neft-maşınqayırma, yüngül sənaye, kənd təsərrüfatına və yol-tikinti texnikasına xidmət edən lizinq şirkətləri, dava-dərman və bəzi başqa malların istehsalı üzrə müştərək müəssisələr yaradılması Azərbaycanın maraqlarına uyğundur.
Bundan əlavə, RF subyektlərinin və Azərbaycan Respublikasının regionları arasında qarşılıqlı əlaqələrinin yaradılması və inkişaf etdirilməsi də Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının mühüm istiqamətidir. Bir çox cəhətdən məhz RF subyektləri ilə Azərbaycan arasında işgüzar əlaqələrin tənzimlənməsi sayəsində 2009-cu ildə qarşılıqlı əmtəə dövriyyəsinin kəskin şəkildə azalmasından yaxa qurtarmaq mümkün olmuş, rusiyalı və azərbaycanlı ticarət tərəfdaşları əməkdaşlığın yeni istiqamətlərini tənzimləyə bilmişlər.
Hazırda Rusiyanın 80 subyektini təmsil edən 500-dən çox müəssisə və 68 təşkilat Azərbaycan ilə xarici ticarət fəaliyyətinə cəlb edilmişdir. RF-nin 15 regionu ilə Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.
Qaraçay-Çərkəz, Dağıstan və Başqırdıstan respublikaları, Tambov, Ulyanovsk, Rostov, Kemerovo, Voronej, Novosibirsk, Penza, Leninqrad, Nijni Novqorod vilayətləri və RF-nin bir sıra başqa subyektləri Azərbaycan ilə əməkdaşlığın bu formatına qoşulmağa müxtəlif dərəcədə hazırdırlar.