SİYASƏT
Rusiya Federasiyasının Stavropol diyarının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 2 aprel (AZƏRTAC, Nəriman Həsənov). Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.