MƏDƏNİYYƏT
Rusiya jurnalı Nizami Gəncəvini Azərbaycandan “aldı”
Bakı, 13 avqust (AZƏRTAC). Rusiyanın “Vokruq sveta” jurnalının iyul nömrəsində Azərbaycanın dahi şairi Nizami Gəncəvi fars şairi kimi təqdim olunmuşdur.
Krımın Azərbaycan icmasından AZƏRTAC-a bildirmişlər ki, icmanın nümayəndələri jurnalın redaksiyasına etiraz məktubu göndərmişlər.
Müraciətdə deyilir ki, “Çingizxanın güzgüarxası tarixi” sərlövhəli məqalədə Çingizxan barədə yeni söz deməyə cəhd göstərən Yuri Aleksandrov adlı birisi guya tapmacalara cavab tapmağa çalışır və utanmadan belə bir nəticəyə gəlir ki, Nizami Gəncəvi fars şairidir.
Dünya ədəbiyyatşünaslığı bu məsələni artıq çoxdan həll etmişdir. Görünür, məqalənin müəllifi Nizami Gəncəvinin Azərbaycan şairi kimi tanıyan tanınmış türkoloqlar Krımski, Bertelsin, Amerika alimlərinin elmi əsərləri ilə tanış deyildir. 1939-cu ildə Böyük Sovet Ensiklopediyasında Krımskinin redaksiyası ilə nəşr edilmiş məqalədə Nizami Azərbaycan şairi və mütəfəkkiri kimi göstərilir.
Nizaminin Azərbaycan şairi olmasını yalnız onun fars dilində yazmasına əsaslanaraq inkar etmək olar. Xatırladaq ki, Nizaminin anadan olmasının 850 illiyi şərəfinə 1991-ci ildə Vaşinqton, Los-Ancelesdə, Londonda və Təbrizdə beynəlxalq konqreslər keçirilmişdir.
Azərbaycanda görkəmli həmyerlimizin xatirəsi həmişə əziz tutulmuşdur. 1947-ci ildə Gəncədə şairin köhnə, dağılmış məqbərəsinin əvəzinə yenisi ucaldılmışdır. Bakıda, Gəncədə və Azərbaycanın digər rayonlarında Nizaminin abidələri ucaldılmış, Bakıda metro stansiyası, mərkəzi küçələrdən biri, paytaxtın rayonlarından biri, Sumqayıtda texniki və təbiət elmləri liseyi, AMEA-nın Ədəbiyyat İnstitutu, Azərbaycan Ədəbiyyat Muzeyi, Goranboyda və Sabirabadda parklar və hətta kəndlər Nizaminin adını daşıyır.
Azərbaycanda və azərbaycanlıların təşəbbüsü ilə Rusiyanın Moskva, Sankt-Peterburq və Çeboksarı şəhərlərində, habelə Daşkənddə Nizami adına ali məktəbin qarşısında dahi şairin abidələri vardır.
2012-ci ildə Romada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Roma meriyası nümayəndələrinin iştirakı ilə Nizaminin abidəsinin açılışı olmuşdur.