DÜNYA
Rusiya nüvə silahı təlimləri keçirib
Moskva, 26 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun strateji çəkindirici qüvvələrin təlimi barədə məruzəsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 26-da Rusiya düşmənin nüvə zərbəsinə cavab olaraq yerüstü, dəniz və aviasiya silahlarından genişmiqyaslı nüvə zərbəsi endirilməsinə dair təlimlər keçirib.
Rusiya Prezidenti Vladimir Putin Kremldəki kabinetindən videoəlaqə vasitəsilə müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.
Kremldən bildiriblər ki, strateji çəkindirmə təlimlərində qarşıya qoyulan vəzifələr yerinə yetirilib, ballistik və qanadlı raketlərin hamısı hədəfinə çatıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva