SİYASƏT
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Ermənistanın regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırılıb

Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin müşaviri, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətini Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.
Görüşdə, habelə hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv danışıqlar barədə qarşı tərəfə məlumat verilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyini bir daha vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.